DekoPress

Ramin Dekonun rəsmi bloqu

Rövnəq Abdullayevin "Xəzər boru" əməliyyatı

Neft Şirkətinin mühafizəçisi: «Çıxmasanız sizi sürüyəcəyəm. Heç kim də mənə heç nə deməz, arxamda duran var»

Ziya Məmmədovu danlatdıran oğlan "Azadlıq"a danışdı

Nəqliyyat şefinin obyektində işləyib dörd barmağını itirən, sonra onun adamları tərəfindən oğurlanan fəhlənin başına daha nələr gəlib?

320 milyonluq Zaqatalayla 130 milyonluq Vanın ZƏLZƏLƏSİ

Zaqatalada olanda evlərin tikintisinin ləng getdiyinin şahidi olduq. Evi yararsız olan Aşağı Tala kənd sakini Şahin Həsənov deyir ki, FHN-dən evinə iki dəfə komissiya gəlib: “Birinci dəfə “təmir edilməlidir”, ikinci baxışda “bərpa-gücləndirmə” dedilər.

YAP-ın əkdiyi ağacları qırdılar

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənovun rəhbəri olduğu “Azinko” şirkəti adıçəkilən ünvanlarda 100-dən çox ailəni evindən didərgin saldı.

Əliyev idarəçiliyinin çərlətdiyi qadınların acı hekayəsi

Onlar üç nəfərdilər. Nə qohumdurlar, nə də qonşu. Sadəcə bir-birlərindən xəbərsiz bütün idarələri gəzirlər. Hara gəldi şikayət edirlər. Hansı məmurun “səxavət”li olduğunu eşidən kimi onun qəbuluna düşməyə çalışırlar.

Bütün yazılar

Oktyabrın 4-də gedib 30-da meyiti qayıdan əsgər Ruslan Kərimovun yaxınları «Azadlıq»a nələri danışdı?

«Ruslanın meyitini heç evinə gətirmək istəməyiblər, onların niyyət hospitaldan birbaşa kəndin qəbiristanlığında dəfn etmək olub»


Orduda ölənlərin sayı gündən-günə artır. Dünyasını dəyişənlərin də çoxu qeyri-döyüş şəraitində vəfat edənlərdir. Deməli, əsgərlər düşmənlə döyüşdə deyil, xəstəliklərdən həyata əlvida deyirlər. 2011-ci ilin bitməsinə hələ bir ay var. Qeyri-döyüş itkilərinin sayı artıq 90 nəfərdir.

Əsgər hospitalda olub, ancaq ailəsinin xəbəri yox idi

Gəncədəki hərbi hissələrdən birində dünyasını dəyişən Milli Ordunun əsgəri 18 yaşlı Ruslan Kərimovun ölüm xəbəri oktyabrın 30-da ailəsinə məlum oldu. Hərbi hissədən gələn nümayəndələr Ruslan Kərimovun valideynlərinə bildirib ki, əsgərin yüksək hərarəti olub. Ona hərbi hissədə tibbi yardım göstərilib. Daha sonra hospitala aparılan Ruslan Kərimov 2 saatdan sonra orada dünyasını dəyişib. Deyilənlərə görə, əsgər ürək və ağciyər çatışmazlığından vəfat edib.
Oktyabrın 4-də hərbi xidmətə yollanan Ruslan Kərimov cəmi 26 gün Milli Ordunun sıralarında qulluq edə bildi.
Ruslanın yaxınları onun xəstəlikdən ölməsinə inanmırlar. Mərhum əsgərin dayısı Saleh Bədəlov deyir ki, bacısı oğlunun ölüm xəbərini Göyçay Rayon Hərbi Komissarlığından alıblar: “Ölümündən bir neçə gün əvvəl, sən demə, Ruslan hospitalda olub. Ancaq bu barədə bizə məlumat verməyiblər. Onun xəstəliyi haqda bizdə heç bir məlumat olmayıb. Əsgərliyə getdiyi gündən bizimlə bir neçə dəfə danışıb. Heç bir probleminin olmadığını deyirdi. Qəfildən ölüm xəbərini aldıq”.
Kərimovlar ailəsi əslən Göyçayın Cırqurd kəndindəndirlər. Ailə işsizlik ucbatından Bakıya üz tutmalı olub. Ruslan hərbi xidmətə yollanandan sonra ata-ana çörəkpulu qazanmaq üçün iki uşaqla birgə paytaxtda məskunlaşıblar. Ancaq Ruslanın ölüm xəbəri bütün işləri alt-üst edib.
Saleh Bədəlov Ruslanın ölüm xəbərini aldığı günü belə təsvir edir: “Bizə məlumat veriləndə Ağdaşa getməyimiz məsləhət görüldü. Heç bir ünvan demədilər. Sadəcə dedilər ki, Ruslan Kərimovun meyiti Ağdaşdadır. Ağdaş kiçik yer deyil. Harada olduğu barədə isə heç nə söyləmədilər. Çarəsiz qalıb Ağdaşa getdik”.
Onlar Ağdaşa gedən zaman hospital maşınının rayona gəldiyini görüblər: “Biz də həmin maşının arxasınca qayıtdıq. Əmin idik ki, Ruslanın meyitini o maşında gətirirlər”.

Çəkilişə və meyitə baxmağa icazə verilmədi

Ruslan Kərimovu tezbazar dəfn etmək istəyirmişlər. Ancaq ailəsi inad edib. Mərhumu evdə yuyub, meyitə baxdıqdan sonra son mənzilə yola salmaq niyyətini Gəncədən gələn hərbi qulluqçulara deyiblər. Onlar inad ediblər ki, dəfn tezbazar olmalıdır.
Rayon sakinlərinin dediyinə görə, Ruslanın meyitini heç evinə gətirmək belə, istəməyiblər. Onların niyyəti mərhumu hospitaldan birbaşa kəndin qəbiristanlığına aparıb dəfn etmək olub. Ailənin səs-küyündən sonra bu plandan geri çəkilməli olublar.
Mərhum əsgərin ailəsi qısa zamanda telekanalları evinə dəvət edir ki, bunu lentə alsınlar. Zabitlər buna da mane olmağa çalışırlar. Ancaq kənd camaatının müdaxiləsindən sonra bu problem də yoluna qoyulur. Saleh Bədəlov deyir ki, mərhumun dəfni günü 7 telekanal gəlmişdi: “Dayanmadan çəkiliş aparırdılar. Ancaq son anda o çəkilişlərin heç biri efirə getmədi. Yalnız “Xəzər” telekanalı kiçik bir xəbər yayımladı. ANS başda olmaqla hamısı Müdafiə Nazirliyinin məlumatını yaydı. Yas mərasimindən isə səssiz bir-iki görüntü verdilər. Deməli, telekanallara barmaq uzadıblar ki, həqiqəti açıb göstərməsinlər. Həmin vaxt ailə jurnalistlərə açıqlamalar verdi. Heç biri efirə getmədi”.
Ruslan Kərimovun ailəsi yas mərasimindən sonra mərhumun qulluq etdiyi hərbi hissəyə gedib. Məqsədləri həqiqəti üzə çıxarmaq olub. Onlar 26 günün əsgərinin qəflətən ölümünü bilmək istəyiblər. Hərbi hissədən onlara deyilib ki, hadisə onlarlıq deyil, məsələnin araşdırılması üçün əsgərin yatdığı hospitala getsinlər: “Bizə dedilər ki, Ruslan qızdırma ilə hospitala yerləşdirilib. Bundan başqa, onlar bizə hər hansı məlumat verə bilməyəcəklərini söylədilər. Çarəsiz qalıb Gəncə hospitalına getdik. Hospitalda suallarımızı cavablandıran kimsə olmadı. Həkim bizimlə görüşdən imtina etdi. Heç nə anlaya bilmirik. Biz hərbi xidmətə sap-sağlam əsgər göndərmişik, 26 gündən sonra onun meyitini geri alırıq. Bu müddət ərzində uşağın heç nədən şikayəti olmayıb”.

Bircə istək...

Ruslanın valideynləri övladlarının ölüm səbəbini öyrənmək üçün Ilham Əliyevə, Mehriban Əliyevaya, Respublika Prokurorluğuna müraciət ediblər. Ancaq bu müraciətlərə heç bir cavab yoxdur.
Ailənin bircə istəyi var – Ruslan Kərimovun ölüm səbəbini bilmək və günahkarları tapıb cəzalandırmaq.
Saleh Bədəlov bacısı oğlunun xəstəlikdən vəfat etməsinə inanmadığını dilə gətirir: “Çünki onun heç bir xəstəliyi yox idi. Yox əgər kimlərsə iddia edirlərsə Ruslanın ağ ciyərində problem var idi, onda niyə Göyçay rayon Hərbi Komissarlığı onu ordu sıralarına göndərirdi? Hərbi xidmətə yararsız olan uşağa niyə müsbət cavab verirdilər? Hərbi komissarlıq bu işə görə məsuliyyət daşıyır”.
“Ruslanın meyitində hər-hansı xəsarət izi vardımı” sualına Saleh Bədəlov “diqqətlə baxmadıq. Meyiti yarmışdılar və belə bir vaxtda hər hansı izin olub-olmadığını aşkarlaya bilmədik” cavabını verir.
Respublika Hərbi Prokurorluğu qeyd olunan ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi qaldırıldığını açıqlayıb: “Müvafiq ekspertizalar təyin edilib. Hazırda başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.

***

Evin böyük oğlu Ruslan Kərimov cəmi 26 gün hərbi formanı əynində gəzdirə bildi. 27-ci gün isə...
Ruslanın kiçik qardaşı da var. O da sabah-birigün hərbi xidmətə getməlidir. Ancaq gedəcəkmi? Ailəsi bu faciəni yaşayandan sonra ikinci dəfə ssenarinin təkrarlanmasına razı olacaqmı?..

Ramin DEKO,

Bakı-Göyçay-Bakı

Leave a Reply