Bütün yazılar
“Mehriban
xanım nazirə dedi ki, problemi həll edin, yenə şikayət etsə, ərizəni yaz, işdən
çıx”
Nəqliyyat
şefinin obyektində işləyib dörd barmağını itirən, sonra onun adamları
tərəfindən oğurlanan fəhlənin başına daha nələr gəlib?
Nəqliyyat
naziri Ziya Məmmədovun adamları Kürdəmir rayon Mollakənd kənd sakini Iftixar
Ağayevin başına olmazın oyunlar gətirib. Dörd barmağını itirən, bir ay
oğurlanaraq girov saxlanılan, işindən olan 1978-ci il təvəllüdlü bu şəxsin
həyatı bir dramdır. Onunla görüşüb söhbət edəndə qarşımızda duran şəxsin
34 yox, 64 yaşlı bir adamın olduğunu zənn etdik. Ancaq yanılmışdıq...
Iftixar Ağayev və onun hüquqlarını müdafiə edən, hüquq
müdafiəçisi Ələkbər Məmmədovla öncədən planlaşdırdığımz ünvanda görüşüb söhbət
etdik.
“Xəstəxanaya da gizli apardılar, evə də...”
Iftixar Ağayev 2003-cü ildən Bakıda yaşayır. Daha dəqiq
desək, Xırdalanda kirayədə qalır. Onun nə evi var, nə də pulu. Buna görə də
ailə qura bilmir. Deyir ki, paytaxta üz tutanda bundan sonra həyatının
yaxşılığa doğru dəyişəcəyini gözləyirmiş. Həyatı dəyişdi, ancaq gözlədiyi kimi
yox.
O, Xırdalanda “Azbentonit” zavodunda fəhlə kimi işə düzəlir.
Görəcəyi iş isə kisə kəsmək olub, maaşı da indiki pulla 120 manat. Bir müddət
keçəndən sonra vəzifəsi qaldırılır, olur çilingər ustası. Təbii ki, maaşı da
artırılır. Olur 160 manat: “Əslində mənə çatacaq əmək haqqı 120 “şirvan” idi
(240 manat). Ancaq sex rəisi Sakit müəllim maaş günü kağıza imza atdırıb, 80
“şirvan” (160 manat) verirdi. Icazə yox idi ki, kağızda yazılan əmək haqqımıza
baxaq. Sonradan bildim ki, maaşımızı yeyirlər".
Iftixar Ağayev düz 4 il bu cür işləyir. Əmək haqqı kəsilsə
də, birtəhər zavodda çalışır. 2007-ci ilin yayında dəzgahla işləyən zaman
barmaqlarını itirir: “Barmaqlarımı “stanok” aparan kimi məni 01 AA 135 nömrəli
maşınla sex rəisi Sakit müəllim, texniki təhlükəsizlik xidmətinin əməkdaşı
Tahir müəllim, zavodun baş mühəndisi Şakir müəllim xəstəxanaya apardılar. Bu
barədə polisə heç bir məlumat vermədilər. Topçubaşov adına xəstəxanada Anar
adlı cərrah 3 saatdan çox əməliyyat apardı. Bir neçə gündən sonra məni evə
buraxdılar. Xəstəxanada olanda da polisə məlumat vermədilər və mənə dedilər ki,
bir kəsə şikayət etsəm, axırım pis olacaq".
Iftixar Ağayev deyir ki, zavod təkcə onun əməliyyat olunması
üçün xəstəxanaya pul ödəyib: “Müalicəni öz hesabıma etdim. Hətta məni
xəstəxanadan evimə gizli şəkildə gətirdilər. O dərəcədə hədə-qorxu gəldilər ki,
nə başqa ünvanda - qohumlarımgildə qaldım, nə də xəstəxanada müalicə olundum.
Böyük bacım mənə qulluq etdi. Sağalandan sonra zavoda qayıtdım”.
“Barmaqlarımı guya evdə işləyəndə itirmişəm”
Iftixar Ağayev zavoda gedən kimi birbaşa “Azbentonit”in
təsisçisi Aydın Məmmədovla sədr Yasin Xəlilovun qəbuluna düşür: “Onlar da məni
hədələdilər. Qorxumdan səsimi çıxarmadım. Iş kimi mənə zavodda yaşıllaşdırmanı
tapşırdılar. Həyəti süpürürdüm, zibilləri atırdım - bu sayaq işə görə aylıq
əmək haqqım 80 manat idi”.
Müsahibimiz deyir ki, yaşıllaşdırmada 6 ay işləyəndən sonra
zavodun mühafizə xidməti vəzifəsini icra etməyə başlayır: “Mühafizədə maaşım
230 manat idi. Bir müddət bu vəzifədə çalışandan sonra mənə edilən haqsızlığa
daha dözə bilmədim. Haqqımı tələb etməyə başladım, vurulan ziyana görə
kompensasiya istədim. Bunu görəndə şər atmağa başladılar. Təhlükəsizlik
xidmətinin rəisi Murad Qafarov məni oğurluqda suçladı. Guya köhnə akkumlyator
oğurlamışam. Halbuki bu oğurluqdan xəbərim olmayıb. Özləri planı qurmuşdular,
sonradan üstü açıldı. Bir sözlə, oğurluq adıyla məni işdən azad etdilər”.
Iftixar Ağayev bir müddət işsiz qaldıqdan sonra özünə təqaüd
düzəltdirmək istəyir. Buna görə yenidən zavoda baş çəkir. Aydın Məmmədov onu
qəbul edir və bildirir ki, kömək edəcək. Bir müddət sonra Aydın Məmmədov ona
deyir ki, ikinci qrup əllilik dərəcəsi almaq üçün Kürdəmirdəki komissiyaya 700
manat göndərib: “Kürdəmir rayonuna getdim və komissiyanın sədri Eynulla
müəllimlə görüşdüm. Mənə dedi ki, 9 il komissiyaya gəlib-getməlisən, ola bilsin
barmaqların yerinə gəldi. Bu cavabdan sonra özümə gələ bilmədim. 9 aydan sonra
mənə üçüncü qrup əlillik dərəcəsi verdilər. Yenidən Eynulla müəllimlə görüşdüm.
Ona dedim ki, Aydın Məmmədov ikinci qrup əlillik dərəcəsi almağım üçün sizə 700
manat göndərib. Bunu inkar etdi və heç kimdən pul almadığını dedi. Üstəlik qeyd
etdi ki, barmaqlarımı istehsalatda yox, öz evimdə işləyən zaman itirmişəm. Bu
cavabdan əsəbiləşdim, dedim ki, sən barmaqlarını şüşənin arasına qoy, əgər
mənim kimi barmaqlarını itirsən, heç nə tələb etməyib, buranı tərk edəcəm. O,
polis çağırdı. Guya onu təhqir etmişəm. Kürdəmir rayon polis idarəsinin
əməkdaşları məni idarəyə apardılar. Başıma gələnləri polisə danışdım, bir sutka
orada saxlanandan sonra sərbəst buraxıldım”.
Mehriban Əliyevanın göz yaşları...
Iftixar Xəlilov polis idarəsindən çıxandan sonra dərhal
Bakıya - “Azbentonit”ə gəlir. Zavodun təsisçisi və rəhbərliyinin qəbuluna
düşür, ancaq təhqir olunaraq bayıra atılır: “Çarəsiz qalıb Nəqliyyat naziri
Ziya Məmmədova teleqram vurdum. Çünki işə düzələn zaman mənə bildirmişdilər ki,
zavod Ziya müəllimindi. Teleqramıma cavab gəldi. Cavab məktubunda yazılmışdı
ki, nazirliyə gəlim. Deyilən vaxtda nazirliyə getdim, ancaq mühafizə xidmətinin
əməkdaşları zavodun nazirlə heç bir əlaqəsi olmadığını dedilər və məni bayıra
atdılar”.
Çarəsiz qalan Iftixar bu dəfə ombudsman Elmira Süleymanovaya
şikayət məktubu yazır: “Elmira xanımın imzasıyla mənə cavab gəldi ki, başıma
gələn hadisələrlə bağlı heç nə edə bilməz. Guya onun buna səlahiyyəti çatmır”.
Iftixar Ağayev 50 manat borc pul tapır. Məqsəd Heydər Əliyev
fondunun prezidenti Mehriban Əliyevaya sifarişli teleqram göndərmək olur: “Mənə
dedilər ki, Xırdalan poçtundan teleqramı göndərməyim. Oradan heç bir məktub
Mehriban Əliyevaya çatmır. Ancaq heç kimə fikir vermədən göndərdim. Allaha dua
etdim ki, teleqramım çatsın və məni qəbul etsin”.
Bir müddət keçəndən sonra Mehriban Əliyeva Iftixar Ağayevi
qəbul edir: “Cavab məktubu gəldi ki, Mehriban Əliyeva sizinlə görüşmək istəyir.
Mehriban xanımla görüşdüm və ona başıma gələn hadisəni danışdım. Dediklərimi
eşitdikcə gözündən yaş süzülürdü. Məni təhüləksizlik xidmətinin əməkdaşlarına
tapşırdı. Onlarla birlikdə nahar etdim, mənə kostyum aldılar, sonra 100 manat
pul verdilər. Üstündən bir neçə saat keçəndən sonra dedilər ki, Mehriban xanım
sizi yenidən qəbul otağında gözləyir”.
Bu dəfə qəbul otağında Mehriban Əliyevadan başqa nəqliyyat
naziri Ziya Məmmədov, ombudsman Elmira Süleymanova və əmək müfəttişliyi
xidmətinin bir əməkdaşı vardı: “Qorxudan əlim-ayağım əsirdi, özümü itirdim. Mehriban
xanım mənə dedi ki, narahat olma, başına gələnləri danış. Bütün başıma
gələnləri bir daha danışdım. Mehriban xanım məndən soruşdu ki, Ziya Məmmədova
sualın var? Dedim ki, bəli. Nazirdən “Azbentonit” zavodu haqda soruşdum. Ziya
Məmmədov təsdiqlədi ki, zavod ona məxsusdur. Elmira xanıma etdiyim müraciətə
verdiyi cavabın səbəbini soruşdum, o susdu".
Bu söhbətdən sonra Mehriban Əliyeva Ziya Məmmədova və əmək
müfəttişliyi xidmətinin əməkdaşına göstəriş verir: “Mehriban xanım nazirə dedi
ki, bu adamın problemini həll edin. Zavodda işə düzəldin. Əgər mənə şikayət
etsə, ərizəni yaz, işdən çıx”.
“Oğurlanmağımla bağlı bir yerə şikayət etsəm, anamı və məni
öldürəcəklərini dedilər”
Görüşdən çıxandan sonra Iftixar Ağayevi “Azbentonit”ə
gətirirlər: “Mənimlə Aydın Məmmədov və Yasin Xəlilov görüşmək istədi. Razı
olmadım, mənimlə zavoda gələnlər onlarla görüşdülər. Aşağıda rəhbərliyin
adamları başladı mənə yaltaqlanmağa. Guya bu zavodun rəhbərliyi insaflı
adamlardır, nə bilim daha nə. Sonda yuxarı qalxıb rəhbərliklə görüşdüm və
onların dilindən yazılı izahat aldım”.
Iftixar Ağayev bir müddət zavodda işləyir. Pozulan
hüquqlarını bərpa etmək, kompensasiya almaq üçün yenidən rəhbərliklə görüşmək
istəyir və hədələnir: “Bir gün işdən çıxıb evə gedəndə, Xırdalanda ”109"
adlanan yerdə iki nəfər qara maskalı məni oğurlayıb Sabunçu istiqamətinə
apardı. Düz bir ay mənimlə orda qaldılar, yalnız su və çörək verdilər ki,
ölməyim. Onların sifətini görə bilmədim, həmişə maskada idilər. Sonda hiylə
işlətdim. Onlar dedilər ki, bir yerə şikayət etsəm, məni öldürəcəklər. Onlara
dedim ki, artıq gecdir, MTN və Baş Prokurorluğa məlumat vermişəm".
Onun bu hiyləsi köməyinə çatır və onu sərbəst buraxırlar:
“Bir müddət evdə qaldım. Sonradan işə çıxdım. Orada öyrəndim ki, girovluqda
olan zaman işdəkilərə və məni soruşanlara deyiblər ki, xəstəyəm, evdə yatıram.
Zavodda yenidən işimə bərpa olundum, ancaq bu dəfə daha pis. Rəhbərlik başıma
gələn sonuncu olayla bağlı harasa şikayət etsəm, anamı və məni öldürəcəyini
dedi. Qorxumdan səsimi çıxara bilmədim”.
Iftixar Ağayev bu minvalla 1 il 6 ay zavodda işləyir. Bu
ilin iyunun 16-da onu yenə işdən çıxarırlar: “Səbəbsə yenə haqqımı tələb
etməyim oldu. Onlar açıq-aydın mənə deyirlər ki, haqqını tələb etmə,
kompensasiya istəmə. Nə edim? Barmaqlarımı itirmişəm, həyatım məhv olub”.
Indi Iftixar hüquq müdafiəçisi Ələkbər Məmmədovla bu
məsələni ictimailəşdirib Mehriban Əliyevanın diqqətinə çatdırmaq istəyir. Yaxın
günlərdə isə problemlərlə bağlı bütün aidiyyəti qurumlara müraciət edəcəklər.
***
Iftixar Ağayev sonuncu dəfə işdən çıxanda Aydın Məmmədova və
Yasin Xəlilova deyib ki, başına gətirilən oyunlarla bağlı ölkə başçısı Ilham
Əliyevə teleqram vuracaq: “Mənə dedilər ki, Ilham Əliyevi tanımırıq, kimə
istəyirsən şikayət et”.
Aydın Məmmədov Ziya Məmmədovun yaxın qohumudu, Yasin Xəlilov
isə həm tanışı, həm də yerlisi...
Ramin DEKO
Categories:
Ярлыки:
Araşdırma