Bütün yazılar
130 milyon
manatın “yox”a çıxması...
Bu ilin may
ayında Qax-Zaqatalada baş verən zəlzələ yüzlərlə evə ziyan vurdu. Olay yerinə
gedən ölkə başçısı İlham Əliyev, Fövqalədə hallar naziri Kəmaləddin Heydərov
təbii fəlakətin gətirdiyi fəsadların aradan qaldırılması üçün bütün lazımı
tədbirlərin görüləcəyini vəd etdilər. Əvvəlcə dövlət büdcəsindən 20 milyon,
daha sonra isə 300 milyon manat ayrıldı. Sakinlərə bildirildi ki, dərs ilinə
qədər (2012-ci il sentyabrın 15-nə qədər – red.R.D.) bağçalar və məktəblər
tikilib istifadəyə veriləcək. Qış qapını kəsdirənə qədər isə qəzalı evlər
sahiblərinin “xidməti”ndə olacaq. Havalar soyusa da evlər tam tikilib
istifadəyə verilmədi, məktəblərin inşası hələ də davam edir. Bağçalardan isə
söz açmağa dəyməz. Valideynlər övladlarını ya evlərində tərbiyə edirlər, ya da
bağça müəllimələrinin mənzillərinə göndərirlər...
500
məktəbli harada təhsil alsın?
Zaqatalada
olanda evlərin tikintisinin ləng getdiyinin şahidi olduq. Evi yararsız olan
Aşağı Tala kənd sakini Şahin Həsənov deyir ki, FHN-dən evinə iki dəfə komissiya
gəlib: “Birinci dəfə “təmir edilməlidir”, ikinci baxışda “bərpa-gücləndirmə”
dedilər. Ancaq indiyə qədər nə təmir olunub, nə də bərpa gücləndirmə işləri aparılıb.
Evin tavanı isə uçub, yağış yağanda nəinki ikinci mərtəbə, hətta birinci
mərtəbə də su altında qalır”.
Bu kəndin
başqa bir sakini İmran Qaraçıyev üç nəfərlik ailəsiylə həyətindəki balaca
daxmada yaşayır. Qorxusundan evində yaşaya bilmir. Qaraçıyevlər ailəsinə bir
manat belə yardım olunmayıb. Bu azmış kimi mənzilinin bir kvadratı da olsun
təmir edilməyib.
Həyətində
çadır quran Mədinə Musayeva körpələriylə orada yaşaya bilmir. Deyir ki,
uşaqları çadırda soyuqdan yata bilməzlər. Hələlik çat əmələ gəlmiş evində
yaşayır. Komissiya üç dəfə bu ailənin mənzilində olub. Baxış zamanı məlum olub
ki, evləri təmir olunmalıdır. Ancaq o da o biri sakinlər kimi hələ də yol
gözləyir.
Aşağı Tala
3 saylı orta məktəbi də yenidən tikilir. Ötən əsrin 80-ci illərində istifadəyə
verilən bu məktəbdə 1175 şagir təhsil ala bilirdi. Zəlzələdən sonra təhsil
ocağı yenidən tikilir. Yenə də 3 mərtəbəli məktəb tikilir, ancaq şagird sayı az
olacaq. Məlumatlara görə, burada 650 şagird oxuya biləcək. 500-dən artıq
məktəbli təhsilini başqa ünvanda davam etdirməlidir.
İlham
Əliyevin açılışında iştirak etdiyi məktəb çat verib
Gözbarax
kəndində orta məktəb istifadəyə verilib. Kənd sakinləri deyir ki, sözügedən
təhsil ocağının tez bir zamanda tikilib hazır olması ölkə başçısının ikinci
dəfə Zaqatalaya səfəri üçün nəzərdə tutulubmuş. İlham Əliyevin qırmızı lenti
kəsməsi üçün tələm-tələsik tikilən orta məktəbin hazırda binasında çat əmələ
gəlib. Çatın qalınlığı 1-2 sm arasındadır.
Zaqatalada
elə kəndlər var ki, orada evlər sökülüb yenidən tikilsə də, inşasının tam başa
çatması üçün bundan sonra da 3-4 ay gərəkdir. Həmin evlərin ustalarıyla söhbət
zamanı məlum oldu ki, mənzillərin tikilməsi üçün verilən tikinti materaillarını
almağa günlərini sərf edirlər. Elə ev sahibi var ki, rayonun mərkəzinə gedib,
komissiya üzvləri ilə dalaşır, sonda istəyinə çatır. Bundan başqa ustalara
normal pul verilmir. Ustalara tikintisindən asılı olmayaraq hər işə görə bir
kvadrat metr üçün ən yaxşı halda 3 manat pul verilir. Əksər vaxtı bu pullar da
gecikdirilir. Bu halda isə fəhlələr baş götürüb qaçırlar. Gözbaraxda, Qımırda,
Çobankolda və başqa kəndlərdə tikilən mənzillərin çoxu yarıtikildir.
Zaqatalalılar
iddia edir ki, 3-5 min manat müqabilində evi və həyətindəki damı yenidən inşa
etdirmək mümkündür.
Unudulmuş
bir kənd...
Ən
acınacaqlı vəziyyət Zaqatalanın Ələsgər kəndindədir. Ələsgər Muxax kəndindən 2
kilometr aralıdadır. Yəni o qədər uzun məsafə qət etmirsən. Kənd o qədər də
böyük deyil. Burada 70 ailə yaşayır. Kəndə gediş-gəliş çətindir. Bura bircə
dənə də olsun marşrut işləmir. İnsanlar rayonun mərkəzinə getmək üçün yük
maşını sifariş edirlər. Maşın isə zəhmət haqqı üçün 20 manat tələb edir. Bu
pulu qazana bilməyən kənd sakinləri ayda, ildə bir dəfə mərkəzə gedirlər.
Ələsgərdəki
evlərin əksəriyyəti qəzalı vəziyyətdədir. Zəlzələdən sonra Fövqəladə Hallar
Nazirliyinin (FHN) komissiyası kəndə iki dəfə səfər edib. Bütün mənzillərə
“təmir edilməlidir”, “bərpa-gücləndirmə” rəyi yazılıb. Ancaq bircə dənə də
olsun ev təmir olunmayıb. Sakinlər onlardan mənzillərinin təmir olunmasını
tələb edəndə özlərinin qarşılaşdığı problemləri eşidirlər. Sən demə, FHN bu
kəndə evlərin təmiri üçün taxta-şalban, daş, qum-çınqıl göndərə bilmir.
Məryəm
Mahmudovaya komissiya üzvləri deyib ki, Ələsgər kəndinə gəlmək çətindir: “Bizə
dedilər ki, özünüz maşın tapın inşaat materiallarını aparın. Belə dövlət olar?
Soyuqdan qırılırıq. Bir azdan havalar lap pis olacaq”.
Gülşən
Mahmudovanın evi də qəzalı vəziyyətdədir. Onun mənzilinə də komissiya gəlib,
baxıb, rəyini yazıb və gedib. Təbii fəlakətdən sonra Ələsgərdə yalnız 9 illik
təhsil verən orta məktəb inşa edilir. Dərs ilinə qədər məktəb istifadəyə
verilmədiyi üçün şagirdlər direktorun evində “təhsil” almalı olurlar.
FHN deyir
ki...
Fövqəladə
Hallar Nazirliyinin (FHN) məlumatına görə, zəlzələnin nəticələrinin aradan
qaldırılması istiqamətində 01 noyabr 2012-ci il tarixə kimi FHN-nin müvafiq
komissiyası 28680 fərdi yaşayış evinə, 1179 ictimai kommunal binalara baxış
keçirilib. Bunlardan 3545 fərdi yaşayış evinin, 11 kommunal çox mənzilli yaşayış
binasının bərpası nəzərdə tutulub. Hazırda evlərə və sosial obyektlərə texniki
baxışların keçirilməsi davam edir. Rayonlar üzrə Zaqatalada 3003, Qaxda 327,
Balakəndə 215 (cəmi 3545) fərdi yaşayış evinin və 3 kommunal çox mənzilli
yaşayış evlərinin tikintisinə başlanılıb. 482 ev tikilib sakinlərin
istifadəsinə verilib. Zəlzələ ilə bağlı ziyan dəymiş 35 məktəbin, o cümlədən
Zaqatalada 21, Qaxda 10, Şəkidə 3, Balakəndə 2 məktəbin tikintisinə başlanılıb.
Bunlardan 6 məktəb tikilib istifadəyə verilib, 9 məktəbin tikintisi başa çatmaq
üzrədir. Tikintisinə gec başlanılmış məktəblərin isə 2013-cü ilin yanvar-aprel
aylarında tikilib istifadəyə veriləcəyi bildirilir. Zəlzələnin fəsadlarını
aradan qaldırmaq üçün əvvəlcə 20 milyon manat, sonra 300 milyon manat vəsait ayrılıb.
Həmin vəsaitin 234 605,6 min manatı xərclənib.
130 milyon
manatın “yox”a çıxması...
Zəlzələ
bölgəsində də vəsaitlərin mənimsənilməsi mərhələsi daha çox tikinti
materiallarının şişirdilmiş bazar qiymətləri ilə alınmasında və evlərin
tikintisində baş verir. Zəlzələ bölgəsində evlərin bir kvadratmetri 500 manata
tikilir. Bunu Zaqatala rayonunun Gözbarax kəndində çalışan “Gilan Holdinq”
şirkətinin nümayəndəsi Seyidmalı İsmayılov da təsdiq edib.
Əslində isə
zəlzələ bölgəsində ev tikintisi neçəyə başa gələ bilərdi?
“Əmlak
bazarı iştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı
monitorinq aparmadan dəqiq rəqəmlər açıqlamağa çətinlik çəkdiyini bildirdi.
Lakin o, zəlzələ bölgəsində inşa edilən evlərin qaçqın və məcburi köçkünlər
üçün inşa olunan şəhərciklərdən ucuz başa gəldiyini də qeyd etdi.
“Kür”
Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülaliyev deyir ki,
Fövqəladə Hallar Nazirliyinin xətti ilə tikilən evlərin qiymətinin
araşdırılması üçün dəfələrlə adı çəkilən nazirliyə müraciət edib və rəsmi sorğu
göndərib. O.Gülalıyevin sözlərinə görə, sorğulara cavab verilmədiyindən
məhkəməyə müraciət etməli və eyni zamanda araşdırmalara başlamalı olublar:
“Prosesə müstəqil ekspertlərdən və qiymətləndirmə şirkətlərinin nümayəndələri
də cəlb edilib. Məlum olub ki, Sabirabad və Saatlıda iki otaqlı ev təxminən 19
min 500 manata, 3 otaqlı ev isə 24 min manata başa gəlir. Fövqəladə Hallar
Nazirliyinin xətti ilə Zaqatalada iki otaqlı evlərin tikintisi 45 min manata, 3
otaqlı evlərin tikintisi 63 min manata başa gəlir. Bu da real qiymətlərdən
2-2,5 dəfə artıqdır və reallıqdan uzaqdır. Yəni korrupsiyadan xəbər verir”.
Hər bir
evin tikintisində 20 min manatdan 32 min 500 manata qədər mənimsəmə var.
Tikilən evlərin daha çox 3 və 4 otaqlı olduğunu nəzərə alaraq mənimsənilən
vəsaiti orta hesabla hər evdən 27 min manat götürsək təkcə evlərin tikintisi
zamanı nəzərdə tutulan 3545 evin
tikilməsi üçün dövlət büdcəsindən nə az, nə çox 95 milyon manatın “yox”a
çıxdığı məlum olur.
Zəlzələ
zonasında tikilən evlərdə hamam və tualetin inşası nəzərdə tutulmayıb.
Tikinti
materiallarının şişirdilmiş bazar qiymətləri ilə alınması, ucuz işçi
qüvvəsindən istifadə olunması, vergi və digər sosial ödənişlərin ödənilmədiyi,
sığorta və əmək müqaviləsinin olmadığı və başqa işləri nəzərə alsaq məbləğin
130 milyon manatı ötdüyü üzə çıxacaq. Bu vəsait ümumi vəsaitin az qala yarısını
edir.
Evlər
neçəyə tikilir, ustalara nə qədər məvacib verilir?
“Əmlak
Ekspert Servis” Qiymətləndirmə Şirkəti Kür daşqınları ilə bağlı 2011-ci ildə
tikilmiş 78.5 kvadrat metrlik evin qiymətləndirməsini aparıb. Qiymətləndirmə
“Qiymətləndirmə fəаliyyəti
hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununа və Milli
Qiymətləndirmə Stаndаrtlаrınа (AZS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlхalq qiymətləndirmə birliklərinin
peşəkar qiymətləndirmə qaydalarına uyğun оlaraq həyata keçirilib. Qiymətləndirməyə əsasən
3 otaqlı, 78.5 kv.m ümumi, 54,3 kv.m. yaşayış,
24,2 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin dəyəri 23959
(iyirmi üç min doqquz yüz əlli doqquz) manat olub.
2 otaqlı,
73.78 kv.m ümumi, 32,0 kv.m. yaşayış,
41,78 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin dəyəri isə
19 721 (on doqquz min yeddi yüz iyirmi bir) manat təşkil edib.
Zəlzələ
bölgəsində tikinti işlərini həyata keçirən podratçı təşkilatlarda çalışan
işçilərlə hər hansı müqavilə bağlanmır. Onlardan yalnız vəsiqələri alınır,
kitaba kimlikləri qeyd olunur. İşçilər təhlükəsizlik qaydalarına əməl etmirlər.
Bu qaydalara əməl etmək üçün onlara hər hansı şərait də yaradılmır. Tikintidə,
hətta qaynaq işlərində çalışanların xüsusi qoruyucu geyimləri, uniformaları,
başlarında kaskaları, hətta bəzilərinin əlcəkləri belə yoxdur. Bir çox işçilərə
əmək haqqı qarşılığında gündəlik 10-12 manat günəmuzd verilir.
Aparılan
təmir-tikinti işlərində yerli sakinlər demək olar ki, iştirak etmirlər. Səbəbi
isə çox sadədir - verilən əmək haqqı xeyli aşağıdır. Buna görə də əsasən
işçilər, Saatlı, Sabirabad, Şirvan, İmişli, Dağıstan və başqa bölgələrdən
gəlirlər. Belə ki, fəhlələrə suvağın, alçipanın, döşəmənin vurulmasının bir
kvadratmetri 2 manat, hörgünün kvadratı 2,5-3 manat pul verilir. Usta da həmin
vəsaitdən ona kömək edən fəhləyə də pul verməlidir. Halbuki, podratçı
təşkilatların FHN ilə razılaşmasına görə, işçilərə faktiki olaraq verilən əmək
haqqından qat-qat artıq məvacib ödənilməli idi.
“Kür”:
Zəlzələyə ayrılan pullara məmurlar üçün villalar tikilir
“Zaqatalada Kəmaləddin Heydərovun sədrliyi ilə keçirilən müşavirədə ona zəlzələ bölgəsində
podratçı təşkilatların gördüyü işlərlə bağlı 3 ay öncə təqdim olunmuş arayış
yenidən təqdim edilib. O isə öz növbəsində “axı bu arayışı 3 ay öncə mənə
vermişdiniz” desə də sonradan üstündən sükutla keçib. Noyabrın 15-də isə
bölgəyə səfər edən FHN rəhbəri bildirib ki, 2012-ci ilin 7 və 18 mayında
Qax-Zaqatala bölgəsində baş vermiş Zəlzələ nəticəsində ziyan dəymiş evlərin 60
faizi tikilib”, - bu sözlərin müəllifi isə mənzili qəzalı vəziyyətdə olan,
ancaq heç bir yardım ala bilməyən Aşağı Tala kəndinin sakinidir.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının bu günlərdə
yayımladığı hesabatda maraqlı bir nüans öz əksini tapıb. Hesabatda qeyd edilib
ki, vəsaitlərin xərclənmə coğrafiyası bəzən FHN-ni aşaraq digər yüksək vəzifəli
şəxslərin maraq dairəsinə, bəzən isə siyası məqsədlərə xidmət edir: “Həmin
pulların bir hissəsi podratçı təşkilatların, başqa bir hissəsi FHN-nin
rəhbərliyində təmsil olunan şəxslərin, onların yaxın ətrafının, qohumlarının
biznez maraqlarının təmin olunmasına sərf olunur.
Vəsaitlərin digər hissəsi isə daha yuxarı oqranlara
ötürülür. “Qənaət olunmuş” vəsaitlərlə zəlzələ bölgəsində çalışmalı olan
şirkətlər Xızıda, Göy-Göl rayonunun Zod qəsəbəsində, Bakı şəhərinin özündə,
Zirə qəsəbəsində, İsmayıllı rayonunda, Qəbələdə, Ağdaşda, Lənkəranda və başqa
ünvanlarda FHN-də, Prezident Administrasiyasında və başqa dövlət qurumlarında
işləyən yüksək vəzifəli şəxslərə, onların yaxın qohum-əqrabası üçün müasir
tələblərə cavab verən yaraşıqlı, böyük iqamətgahlar tikirlər. Bu
villa-iqamətgahları birbaşa FHN rəhbərliyinə məxsus və tabe olan əsasən “Azəri
Trans” şirkəti inşa edir”.
Ən maraqlı məqamlardan biri isə Zaqatalada evlərin tikintisi
ilə məşğul olan şirkətlərin adlarının çox ciddi cəhdlə gizlədilməsidir. FHN
rəhbərliyinə təqdim olunmuş arayışlarda ev tikən şirkətlərin adı gizlədilir və
şirkət rəhbərlərinin yalnız soyadları qeyd olunub. Çalışan şirkətlərin
adlarının nəinki ictimaiyyətə, hətta FHN daxilində belə yazışmalarda və
hesabatlarda da açıqlanmasına icazə verilmir.
Zaqatalayla Vanın fərqi, yaxud nazirlik niyə susur?
Ötən il Türkiyənin Van şəhərində baş vermiş ağır, dağıdıcı zəlzələdən
sonra bir il içində bölgə yenidən quruldu. Yeni şəhərin salınması Türkiyənin
dövlət büdcəsinə cəmi 150 milyon dollara (təxminən 130 milyon manata – R.D)
başa gəldi. Ancaq Zaqatalaya dövlət büdcəsindən təxminən 3 dəfə çox vəsait
ayrılmasına baxmayaraq problemlər həll olunmur.
FHN isə ona ünvanlanan çoxsaylı suallara aydınlıq gətirmir.
İstər vətəndaş cəmiyyətinin, istər jurnalistlərin, istərsə də Zaqatala
sakinlərinin həm rayon icra hakimiyyətinə, zəlzələdən sonra ayrılan
komissiyanın rəhbərinə, nazirliyə, həm də nazir Kəmaləddin Heydərova göndərdiyi
saysız-hesabsız sualları, müraciətləri, şikayətləri cavabsız qalıb.
Bunları nəzərə alaraq cavabı hələ verilməyən sualları qeyd
edirik:
1. Evləri tikilmiş şəxslərin adı, soyadı, ailə üzvlərinin
sayı, tikilən yeni evin sahəsi, həmin evi tikən şirkətin adı, tikintiyə çəkilən
xərc və evin ünvanı FHN-nin saytında yerləşdirilsin.
2. Ustalara
verilən pulun dəyəri açıqlansın.
3.
Mənzilləri tikən şirkətlər və onların rəhbərlərinin adı açıqlansın.
4. Ev inşa
edən şirkətlər bu işi görmək üçün tenderdə necə qalib gəlib? Onların tenderə
verdiyi layihənin surəti ictimaiyyətə açıqlansın.
5. FHN-nin
tərkibində yaradılmış komissiya evlərin “qəzalı” və ya “bərpa-gücləndirmə”
rəyini nəyə əsasən verir?
6. Rayonun
Ələsgər kəndində zəlzələdən sonra bircə dənə də olsun ev tikilməyib. Bunu nə
ilə izah etmək olar?
Ümidlə
FHN-dən bu suallara cavab gözləyirik. İnanırıq ki, nə vaxtsa bizə, o cümlədən,
ictimaiyyətə qaranlıq qalan suallar “ağ gün”ə çıxacaq...
Ramin DEKO
Categories:
Ярлыки:
Reportaj