Bütün yazılar
Bakıda daha
bir məhəllə uçuruldu; sakinlər yeni ildə evlərindən oldu
«Bizim haqqımızı kəsirlər, ancaq vəzifəli şəxsə dəyərindən
artıq verirlər»
Bakıda
söküntü-dağıntı bumu davam edir. Şəmsi Bədəlbəyli, Füzuli küçələrinin,
Neftçilər prospektinin sakinlərini yurdlarından didərgin salandan sonra növbə
Yusif Səfərov küçəsinə çatdı. Sözügedən ünvan Bakı şəhər Baş Polis Idarəsinin
yeni binasının yaxınlığında yerləşir.
56 ailənin yaşadığı ərazinin sakinləri 2012-ci ili evlərində
qarşılaya bilmədilər. Məcburi surətdə evlərindən çıxarıldılar, az miqdarda
kompensasiya ödənildi, razı olmayanlar, etiraz edənlər döyülərək, təhqir
edilərək zorla evindən oldu.
Ərazinin əksər sakini müəyyən hədə-qorxularla evlərini tərk etmişdilər.
Yerdə qalan 56 sakin isə isti evlərində son günlərini elə ötən ildə
gerçəkləşdirdilər...
Prezident kompensasiyası nə deməkdir?
“Dekabrın 29-da bir qrup adam işığımızı, suyumuzu kəsdi.
Məcbur etdilər ki, evdən çıxaq, əks halda buldozerin qarşısında qalıb, məhv
olacağıq. Öncə inanmadıq, düşündük ki, bu qədər haqsızlıq etməzlər. Ancaq
inanmadığımız başımıza bəla oldu. Evləri sökdülər, qadınlı, qocalı, hamını
təhqir edib evdən çıxartdılar. Elə həmin gün də söküntü işlərinə başladılar.
Məqsədləri iş gününə qədər söküntünü reallaşdırmaq idi. Bu arzularına da
çatdılar” - bu sözləri sözügedən ünvanın keçmiş sakinləri deyir. Indi onlar
dərd-qübar ilə xarabalıqdan boylanıb ötən günlərinin xiffətini yaşayırlar.
Buradakı
bir mərtəbəli binalar 1905-ci ildə tikilib. Heç bir rəsmi sərəncam olmadan
evlər uçurulub. Yurdlarının söküləcəyi xəbərini onlara Nəsimi rayon icra
hakimiyyəti başçısının müavini Ağəli Əhmədov “muştuluqlayıb”.
Sakinlərə
“ədalətsiz kompensasiyalar”, yəni şəhərin bu hissəsində mənzilin dəyərindən
xeyli az vəsait təklif edilib. Belə ki, hər kvadrat metr yaşayış sahəsi üçün
1250 manat üstəgəl 20% “prezident kompensasiyası” təklif olunur. Ancaq insanlar
“prezident kompensasiyası”nın nə olduğunu soruşanda - hər kvadratmetr üçün
əlavə 250 manat adlandırırlar.
35
kvadratmetr yaşayış sahəsi üçün 47 min manat təklif olunub. Iki evi olanın biri
qeydə alınıb. Halbuki yaxınlıqdakı yeni binalarda təmirsiz mənzilin bir kvadrat
metri 2000 dollardan yuxarıdır. Üstəlik, bu binalarda 80-100 kvadrat metrdən az
sahəsi olan mənzillər satılmır.
Ərazidə
onlarla qaraj, qaçqın və məcburi köçkün ailələri, bir neçə şirkətin ofisləri, o
cümlədən dövlət idarələri sökülüb. Sonuncu sökülən “qala” isə Azərbaycan Dəmir
Yolları QSC-nin Bakı yük stansiyasıdır. Indi onun “fatihəsi” oxunur. Fəhlələr
isə para-para kərpicləri gətirdikləri maşınlara yükləyib iki-üç günlük “pulsuz”
azuqə tapdıqları üçün sevinirdilər.
Ərazidə
nəyin tikiləcəyi və kimin tikəcəyi sualına aydınlıq gətirmək mümkün deyil.
Yaxınlaşdığımız insanlar “vallah bilmirik” deyib bizdən uzaqlaşırdılar.
Parkmı,
göydələnmi, yolmu?
Evləri
başlarına uçurulanlar kompensasiyanın ödənilməsinin qeyri-şəffaf həyata
keçirildiyini deyirlər: “Apreldə pulu Kapital Banka köçürüblər, ancaq məlum
olub ki, orada pul yoxdur. 3-4 ay sonra pulların ”VTB-Azerbaijan"
bankında olduğu ortaya çıxıb".
Nəsimi rayon icra başçısının birinci müavini Ağəli Əhmədov
mətbuata açıqlamasında bildirib ki, sakinlərə hər kvadratmetr üçün 1500
manatdan kompensasiya təklif olunub və 34 ailədən 16-sı vəsaiti alaraq köçüb.
Yalnız sənədi olmayan tikililər üçün əlavə pul tələb edənlər qalıb: “Lakin
kompensasiya 1 saylı forma arayışı və mülkiyyət hüququ haqqında sənədlərə
əsasən yaşayış sahəsi üçün verilir.
Icra başçısının müavini qeyd edib ki, pullar rəsmi olaraq
bank hesablarına köçürülür, həm də komisyon xidmətləri vətəndaşların hesabına
ödənilir. O bildirib ki, sözügedən ünvanda yaşayış evləri park kompleksinin
tikintisi ilə əlaqədar sökülür.
Ancaq sakinlər buna inanmırlar. Onlar deyirlər ki, burada park
adıyla “göydələn” tikəcəklər: “Ona görə də belə edirlər. Məgər park salmaq üçün
başqa ünvan tapa bilmirdilər?”.
“Burada elə ailə var ki, onun evinin sahəsi 66 kvadrat
metrdir, ona kompensasiya üçün 25 kvadratını hesablayıblar: ”41 kvadrat göydə
qalır. 1500 manatdan kompensasiya verilir. Deyirlər ki, hər kvadrat metr üçün
1250 manat, prezidentin ehtiyat fondundan 250 manat əlavə ödəyirlər" -
deyir, sakinlər.
Yurdundan didərgin salınanlar bildirirlər ki, burada yaşayan
bir neçə vəzifəli sənəddə yazılandan da artıq kompensasiya alıb: “Bir sakin
yaşayırdı, prezident qvardiyasında işləyir. Onun evinin sahəsi 22 kvadratmetr
idi, ancaq 49 kvadratmetr üçün kompensasiya ödənildi. Belə biabırçılıq olar?
Bizim haqqımızı kəsirlər, ancaq vəzifəli şəxsə dəyərindən artıq verirlər”.
Ərazidə yaşayan insanlar parkın, yolun salınacağını deyənlər
də oldu, göydələnin tikiləcəyini bildirənlər də.
Birotaqlı evlər nəzərə alınmır
Elə ailələr var ki, onlara bir manatda pul ödənilməyib.
Adını da “evin sənədləri yoxdur” qoyublar. Hazırda bu cür ailələrin sayı 10-u
ötür. Hamısı da Bakının küçələrində kirayə ev axtarışındadır. Məhkəməyə
müraciət edən bir qrup sakinə qarşı daha çox haqsızlıq edilib. Belə ki,
sakinlərin xeyrinə qərar çıxarılsa da, məhkəməni saya salan yoxdur. Elə əllərindəki
sənəd qarışıq insanlar bayıra atılıb.
Hələ bu harasıdır, Icra hakimiyyəti 30 kvadratmetrlik
birotaqlı tikililəri də nəzərə almayıb. Rayon icra hakimiyyətinin 1989-cu il
tarixli sərəncamı əsasında qanuni olaraq evlər tikilib. Insanlar bir ətək pul töküb
özlərinə ev salıblar, amma...
Əmması odur ki, birotaqlı evlər diqqətlə ölçülüb və
fotoşəkli çəkilib. Bu isə mənzillərin alqısı zamanı korrupsiyaya yol
verildiyini düşünmək üçün əsas verir. Əks halda heç nəzərə alınmayan otaqlarla
bağlı niyə əlavə “iş” görülür ki?
***
“Heç olmasa imkan verəydilər bayramı öz evimizdə keçirəydik.
31 dekabr dünya azərbaycanlıların həmrəylik günü belə qeyd edilir?” - bu
kəlmələri evlərindən didərgin salınan vətəndaşlardan ayrılan zaman eşitdik.
Onların bu sualını cavabsız buraxıb geri dönürük...
Ramin DEKO
Categories:
Ярлыки:
Reportaj