Bütün yazılar
ARDNŞ şefinin zəbt etdirdiyi zavoddan reportaj
Neft Şirkətinin mühafizəçisi: «Çıxmasanız sizi sürüyəcəyəm.
Heç kim də mənə heç nə deməz, arxamda duran var»
“Indi harada işləyək? Gəlib buranı zəbt ediblər. Bizi içəri
buraxmırlar. Fəhlə adamıq, işləyib evə çörək pulu aparırdıq” - bunu “Xəzər
boru” MMC-də işləyən fəhlələr deyir. Indi nəinki fəhlələr, heç “Xəzər boru”nun
direktoru belə, öz idarəsinə daxil ola bilmir. Çünki...
ARDNŞ nə vaxtdan nəzarətçi rolunu oynayır?
Sentyabrın 17-də təxminən saat 22 radələrində Qaradağda
yerləşən “Xəzər boru”ya silahlı basqın olub. Basqını ARDNŞ-nin qoluzorluları
həyata keçirib. Zavodun giriş qapısını 3-4 hərbi geyimli və idmançı görkəmli
şəxslər kəsdirib. Geyimlərinin üzərinə “SOCAR” sözü yazılmış bu şəxslər onlara
“yuxarıdan” tapşırıq gəldiyi üçün heç kimi içəri buraxmadıqlarınıı söyləyirlər.
Zavodun baş direktoru Ayaz Gülümcanovun sözlərinə görə,
“Xəzər boru”nun səhmlərinin 42.8 faizi Zülfüqarlı qardaşlarının, qalan hissəsi
“Azəriqaz”ın sabiq rəhbəri Əlixan Məlikovundur: “Ancaq iki gündür ki, Dövlət
Neft Şirkətinin hərbi geyimli əməkdaşları zavodu zəbt ediblər, məni içəri
buraxmırlar. Eyni zamanda fəhlələr də zavoda keçə bilmir”. O, hadisənin
səbəbindən danışarkən Əlixan Məlikovu da günahlandırdı: “Çox güman ki, onun
özünün də göstərişi olub. Neft şirkətindən kömək istəyib. Kömək istəyəndə
Daxili Işlər Nazirliyindən istəyərlər. Neft Şirkəti nə vaxtdan nəzarətçi rolunu
oynayır?”.
Hadisənin necə baş verməsindən danışan mühafizə xidmətinin
rəhbəri Valeh Eminov deyir ki, zavodu tərk edəndən az sonra mühafizəçilər ona
zəng edib: “Zəng edib dedilər ki, zavoda formalı adamlar daxil olub, bizi
burada sıxışdırırlar”.
Valeh Eminov və digər mühafizəçi Elvin Şahverdiyev zavodu
zəbt edənlərin 10 nəfərə yaxın olduğunu, yalnız birində silah gördüklərini
söyləyirlər.
Zülfüqarlı qardaşlarına sonuncu zərbəni də vurmaq istəyirlər
“Xəzər boru”nun mühafizəçiləri də zavodun yaxınlığında
toplaşmışdılar. Ancaq ARDNŞ-nin əməkdaşları rəhbərlikləri ilə danışandan sonra
zavodun qanuni mühafizəçilərinə dedilər ki, onlar ərazidə qala bilməzlər.
Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılov mətbuata
açıqlamasında bu hərəkətin qanunsuz olduğunu söyləyib: “Zavodun mühafizəçiləri
orada heç kimlə qarşıdurmaya getməyiblər. Bundan başqa, mümkün qarşıdurmanın
qarşısını almaq üçün DIN-in, prokurorluğun və MTN-in əməkdaşlarından istifadə edilməlidir. ARDNŞ nümayəndələrinin
belə bir səlahiyyəti yoxdur ki, sahibkarın zavoduna silahla girib, orada
qarşıdurmanın qarşısını alsınlar”.
Sözügedən zavod 3 il öncə tikilsə də, bir aydır fəaliyyət
göstərir. 3 hektardan çox torpaq sahəsi olan zavodun həyətində hazırda yüzlərlə
boru var. ARDNŞ-nin işçiləri ora gələndən sonra zavodun avadanlıqlarının
oğurlandığı da iddia edilir.
Xatırladaq ki, Zülfüqarlı qardaşlarının “Bakı Poladtökmə” və
“Bakı Elektroştamp” zavodları, bir sıra başqa müəssisələri, metal bazarında
ciddi pay sahibləri olaraq Azərbaycanda böyük biznes şəbəkəsi vardı. Ancaq
2005-ci ildə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbs olunmasından
sonra Zülfüqarlı qardaşlarına da qarşı müharabə elan edildi, onlar həbs olundu.
Böyük sərvətin əhəmiyyətli hissəsi əllərindən alındıqdan sonra qardaşları azad
etdilər. Işin görünən tərəfi odur ki, qardaşların əlində qalan sonuncu əmlakı
da ələ keçirmək istəyirlər.
“Heç kəsi içəri buraxa bilmərik”
“Xəzər boru”nun mühafizəsində yalnız Zülfüqarlı
qardaşlarının nümayəndələri canfəşanlıq edirlər. Əlixan Məlikovun adamları heç
bir addım atmırlar. Bunun isə iki səbəbinin olduğunu söyləyirlər. Ya Əlixan
Məlikov ARDNŞ şefindən xahiş edib ki, zavodu o, ələ keçirsin və bundan sonra 50
faizlik səhm paketi ilə şərikə işləsin, ya da “Azəriqaz”ın sabiq rəhbərinə geri
çəkilmək göstərişi verilib. Hər iki variantı mümkün sayan baş direktor deyir
ki, işi qanun çərçivəsində həll etmək istəyirlər.
Jurnalistlər “Xəzər boru”nun ərazisinə keçmək istəyəndə
ARDNŞ-nin mühafizəçiləri buna imkan vermədi: “Icazə yoxdur. Bizə deyiblər ki,
heç kəsi içəri buraxmayın”.
“Siz kimsiniz, haradan göstəriş verilib” sualına mühafizəçi
özünəməxsus tərzdə “sizlik deyil” cavabını verdi. Eyni zamanda ərazini tərk
etməyəcəyimiz təqdirdə bizi sürüyə-sürüyə çıxaracağını söylədi: “Çıxmasanız
sizi sürüyəcəyəm. Heç kim də mənə heç nə deməz. Çünki arxamda duran var”.
Qanunsuz bir iş görmədiyimizi dedik. Otağa girib kiminləsə əlaqə saxladı.
Yalnız bundan sonra jurnalistlərin ərazinin müəyyən hissəsinə daxil olub
çəkiliş aparmasına qismən şərait yaradıldı.
Hadisə yerinə Qaradağ RPI 10-cu polis bölməsinin rəis
müavini və müstəntiqi də gəldi. Onlar zavodda çalışanlardan izahat alıb
getdilər.
***
Günün sonunda məlum oldu ki, artıq ARDNŞ əməkdaşları zavodu
tərk edib. “Xəzər boru”nu əvvəlki qaydada şirkətin mühafizəçiləri qoruyur.
Ramin DEKO
Categories:
Ярлыки:
Reportaj