DekoPress

Ramin Dekonun rəsmi bloqu

Rövnəq Abdullayevin "Xəzər boru" əməliyyatı

Neft Şirkətinin mühafizəçisi: «Çıxmasanız sizi sürüyəcəyəm. Heç kim də mənə heç nə deməz, arxamda duran var»

Ziya Məmmədovu danlatdıran oğlan "Azadlıq"a danışdı

Nəqliyyat şefinin obyektində işləyib dörd barmağını itirən, sonra onun adamları tərəfindən oğurlanan fəhlənin başına daha nələr gəlib?

320 milyonluq Zaqatalayla 130 milyonluq Vanın ZƏLZƏLƏSİ

Zaqatalada olanda evlərin tikintisinin ləng getdiyinin şahidi olduq. Evi yararsız olan Aşağı Tala kənd sakini Şahin Həsənov deyir ki, FHN-dən evinə iki dəfə komissiya gəlib: “Birinci dəfə “təmir edilməlidir”, ikinci baxışda “bərpa-gücləndirmə” dedilər.

YAP-ın əkdiyi ağacları qırdılar

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənovun rəhbəri olduğu “Azinko” şirkəti adıçəkilən ünvanlarda 100-dən çox ailəni evindən didərgin saldı.

Əliyev idarəçiliyinin çərlətdiyi qadınların acı hekayəsi

Onlar üç nəfərdilər. Nə qohumdurlar, nə də qonşu. Sadəcə bir-birlərindən xəbərsiz bütün idarələri gəzirlər. Hara gəldi şikayət edirlər. Hansı məmurun “səxavət”li olduğunu eşidən kimi onun qəbuluna düşməyə çalışırlar.

Bütün yazılar

Oktyabrın 4-də gedib 30-da meyiti qayıdan əsgər Ruslan Kərimovun yaxınları «Azadlıq»a nələri danışdı?

«Ruslanın meyitini heç evinə gətirmək istəməyiblər, onların niyyət hospitaldan birbaşa kəndin qəbiristanlığında dəfn etmək olub»


Orduda ölənlərin sayı gündən-günə artır. Dünyasını dəyişənlərin də çoxu qeyri-döyüş şəraitində vəfat edənlərdir. Deməli, əsgərlər düşmənlə döyüşdə deyil, xəstəliklərdən həyata əlvida deyirlər. 2011-ci ilin bitməsinə hələ bir ay var. Qeyri-döyüş itkilərinin sayı artıq 90 nəfərdir.

Əsgər hospitalda olub, ancaq ailəsinin xəbəri yox idi

Gəncədəki hərbi hissələrdən birində dünyasını dəyişən Milli Ordunun əsgəri 18 yaşlı Ruslan Kərimovun ölüm xəbəri oktyabrın 30-da ailəsinə məlum oldu. Hərbi hissədən gələn nümayəndələr Ruslan Kərimovun valideynlərinə bildirib ki, əsgərin yüksək hərarəti olub. Ona hərbi hissədə tibbi yardım göstərilib. Daha sonra hospitala aparılan Ruslan Kərimov 2 saatdan sonra orada dünyasını dəyişib. Deyilənlərə görə, əsgər ürək və ağciyər çatışmazlığından vəfat edib.
Oktyabrın 4-də hərbi xidmətə yollanan Ruslan Kərimov cəmi 26 gün Milli Ordunun sıralarında qulluq edə bildi.
Ruslanın yaxınları onun xəstəlikdən ölməsinə inanmırlar. Mərhum əsgərin dayısı Saleh Bədəlov deyir ki, bacısı oğlunun ölüm xəbərini Göyçay Rayon Hərbi Komissarlığından alıblar: “Ölümündən bir neçə gün əvvəl, sən demə, Ruslan hospitalda olub. Ancaq bu barədə bizə məlumat verməyiblər. Onun xəstəliyi haqda bizdə heç bir məlumat olmayıb. Əsgərliyə getdiyi gündən bizimlə bir neçə dəfə danışıb. Heç bir probleminin olmadığını deyirdi. Qəfildən ölüm xəbərini aldıq”.
Kərimovlar ailəsi əslən Göyçayın Cırqurd kəndindəndirlər. Ailə işsizlik ucbatından Bakıya üz tutmalı olub. Ruslan hərbi xidmətə yollanandan sonra ata-ana çörəkpulu qazanmaq üçün iki uşaqla birgə paytaxtda məskunlaşıblar. Ancaq Ruslanın ölüm xəbəri bütün işləri alt-üst edib.
Saleh Bədəlov Ruslanın ölüm xəbərini aldığı günü belə təsvir edir: “Bizə məlumat veriləndə Ağdaşa getməyimiz məsləhət görüldü. Heç bir ünvan demədilər. Sadəcə dedilər ki, Ruslan Kərimovun meyiti Ağdaşdadır. Ağdaş kiçik yer deyil. Harada olduğu barədə isə heç nə söyləmədilər. Çarəsiz qalıb Ağdaşa getdik”.
Onlar Ağdaşa gedən zaman hospital maşınının rayona gəldiyini görüblər: “Biz də həmin maşının arxasınca qayıtdıq. Əmin idik ki, Ruslanın meyitini o maşında gətirirlər”.

Çəkilişə və meyitə baxmağa icazə verilmədi

Ruslan Kərimovu tezbazar dəfn etmək istəyirmişlər. Ancaq ailəsi inad edib. Mərhumu evdə yuyub, meyitə baxdıqdan sonra son mənzilə yola salmaq niyyətini Gəncədən gələn hərbi qulluqçulara deyiblər. Onlar inad ediblər ki, dəfn tezbazar olmalıdır.
Rayon sakinlərinin dediyinə görə, Ruslanın meyitini heç evinə gətirmək belə, istəməyiblər. Onların niyyəti mərhumu hospitaldan birbaşa kəndin qəbiristanlığına aparıb dəfn etmək olub. Ailənin səs-küyündən sonra bu plandan geri çəkilməli olublar.
Mərhum əsgərin ailəsi qısa zamanda telekanalları evinə dəvət edir ki, bunu lentə alsınlar. Zabitlər buna da mane olmağa çalışırlar. Ancaq kənd camaatının müdaxiləsindən sonra bu problem də yoluna qoyulur. Saleh Bədəlov deyir ki, mərhumun dəfni günü 7 telekanal gəlmişdi: “Dayanmadan çəkiliş aparırdılar. Ancaq son anda o çəkilişlərin heç biri efirə getmədi. Yalnız “Xəzər” telekanalı kiçik bir xəbər yayımladı. ANS başda olmaqla hamısı Müdafiə Nazirliyinin məlumatını yaydı. Yas mərasimindən isə səssiz bir-iki görüntü verdilər. Deməli, telekanallara barmaq uzadıblar ki, həqiqəti açıb göstərməsinlər. Həmin vaxt ailə jurnalistlərə açıqlamalar verdi. Heç biri efirə getmədi”.
Ruslan Kərimovun ailəsi yas mərasimindən sonra mərhumun qulluq etdiyi hərbi hissəyə gedib. Məqsədləri həqiqəti üzə çıxarmaq olub. Onlar 26 günün əsgərinin qəflətən ölümünü bilmək istəyiblər. Hərbi hissədən onlara deyilib ki, hadisə onlarlıq deyil, məsələnin araşdırılması üçün əsgərin yatdığı hospitala getsinlər: “Bizə dedilər ki, Ruslan qızdırma ilə hospitala yerləşdirilib. Bundan başqa, onlar bizə hər hansı məlumat verə bilməyəcəklərini söylədilər. Çarəsiz qalıb Gəncə hospitalına getdik. Hospitalda suallarımızı cavablandıran kimsə olmadı. Həkim bizimlə görüşdən imtina etdi. Heç nə anlaya bilmirik. Biz hərbi xidmətə sap-sağlam əsgər göndərmişik, 26 gündən sonra onun meyitini geri alırıq. Bu müddət ərzində uşağın heç nədən şikayəti olmayıb”.

Bircə istək...

Ruslanın valideynləri övladlarının ölüm səbəbini öyrənmək üçün Ilham Əliyevə, Mehriban Əliyevaya, Respublika Prokurorluğuna müraciət ediblər. Ancaq bu müraciətlərə heç bir cavab yoxdur.
Ailənin bircə istəyi var – Ruslan Kərimovun ölüm səbəbini bilmək və günahkarları tapıb cəzalandırmaq.
Saleh Bədəlov bacısı oğlunun xəstəlikdən vəfat etməsinə inanmadığını dilə gətirir: “Çünki onun heç bir xəstəliyi yox idi. Yox əgər kimlərsə iddia edirlərsə Ruslanın ağ ciyərində problem var idi, onda niyə Göyçay rayon Hərbi Komissarlığı onu ordu sıralarına göndərirdi? Hərbi xidmətə yararsız olan uşağa niyə müsbət cavab verirdilər? Hərbi komissarlıq bu işə görə məsuliyyət daşıyır”.
“Ruslanın meyitində hər-hansı xəsarət izi vardımı” sualına Saleh Bədəlov “diqqətlə baxmadıq. Meyiti yarmışdılar və belə bir vaxtda hər hansı izin olub-olmadığını aşkarlaya bilmədik” cavabını verir.
Respublika Hərbi Prokurorluğu qeyd olunan ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi qaldırıldığını açıqlayıb: “Müvafiq ekspertizalar təyin edilib. Hazırda başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.

***

Evin böyük oğlu Ruslan Kərimov cəmi 26 gün hərbi formanı əynində gəzdirə bildi. 27-ci gün isə...
Ruslanın kiçik qardaşı da var. O da sabah-birigün hərbi xidmətə getməlidir. Ancaq gedəcəkmi? Ailəsi bu faciəni yaşayandan sonra ikinci dəfə ssenarinin təkrarlanmasına razı olacaqmı?..

Ramin DEKO,

Bakı-Göyçay-Bakı
[ Ardını oxu ]

ARDNŞ şefinin zəbt etdirdiyi zavoddan reportaj

Neft Şirkətinin mühafizəçisi: «Çıxmasanız sizi sürüyəcəyəm. Heç kim də mənə heç nə deməz, arxamda duran var»

“Indi harada işləyək? Gəlib buranı zəbt ediblər. Bizi içəri buraxmırlar. Fəhlə adamıq, işləyib evə çörək pulu aparırdıq” - bunu “Xəzər boru” MMC-də işləyən fəhlələr deyir. Indi nəinki fəhlələr, heç “Xəzər boru”nun direktoru belə, öz idarəsinə daxil ola bilmir. Çünki...

ARDNŞ nə vaxtdan nəzarətçi rolunu oynayır?

Sentyabrın 17-də təxminən saat 22 radələrində Qaradağda yerləşən “Xəzər boru”ya silahlı basqın olub. Basqını ARDNŞ-nin qoluzorluları həyata keçirib. Zavodun giriş qapısını 3-4 hərbi geyimli və idmançı görkəmli şəxslər kəsdirib. Geyimlərinin üzərinə “SOCAR” sözü yazılmış bu şəxslər onlara “yuxarıdan” tapşırıq gəldiyi üçün heç kimi içəri buraxmadıqlarınıı söyləyirlər.
Zavodun baş direktoru Ayaz Gülümcanovun sözlərinə görə, “Xəzər boru”nun səhmlərinin 42.8 faizi Zülfüqarlı qardaşlarının, qalan hissəsi “Azəriqaz”ın sabiq rəhbəri Əlixan Məlikovundur: “Ancaq iki gündür ki, Dövlət Neft Şirkətinin hərbi geyimli əməkdaşları zavodu zəbt ediblər, məni içəri buraxmırlar. Eyni zamanda fəhlələr də zavoda keçə bilmir”. O, hadisənin səbəbindən danışarkən Əlixan Məlikovu da günahlandırdı: “Çox güman ki, onun özünün də göstərişi olub. Neft şirkətindən kömək istəyib. Kömək istəyəndə Daxili Işlər Nazirliyindən istəyərlər. Neft Şirkəti nə vaxtdan nəzarətçi rolunu oynayır?”.
Hadisənin necə baş verməsindən danışan mühafizə xidmətinin rəhbəri Valeh Eminov deyir ki, zavodu tərk edəndən az sonra mühafizəçilər ona zəng edib: “Zəng edib dedilər ki, zavoda formalı adamlar daxil olub, bizi burada sıxışdırırlar”.
Valeh Eminov və digər mühafizəçi Elvin Şahverdiyev zavodu zəbt edənlərin 10 nəfərə yaxın olduğunu, yalnız birində silah gördüklərini söyləyirlər.

Zülfüqarlı qardaşlarına sonuncu zərbəni də vurmaq istəyirlər

“Xəzər boru”nun mühafizəçiləri də zavodun yaxınlığında toplaşmışdılar. Ancaq ARDNŞ-nin əməkdaşları rəhbərlikləri ilə danışandan sonra zavodun qanuni mühafizəçilərinə dedilər ki, onlar ərazidə qala bilməzlər.
Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılov mətbuata açıqlamasında bu hərəkətin qanunsuz olduğunu söyləyib: “Zavodun mühafizəçiləri orada heç kimlə qarşıdurmaya getməyiblər. Bundan başqa, mümkün qarşıdurmanın qarşısını almaq üçün DIN-in, prokurorluğun və MTN-in əməkdaşlarından  istifadə edilməlidir. ARDNŞ nümayəndələrinin belə bir səlahiyyəti yoxdur ki, sahibkarın zavoduna silahla girib, orada qarşıdurmanın qarşısını alsınlar”.
Sözügedən zavod 3 il öncə tikilsə də, bir aydır fəaliyyət göstərir. 3 hektardan çox torpaq sahəsi olan zavodun həyətində hazırda yüzlərlə boru var. ARDNŞ-nin işçiləri ora gələndən sonra zavodun avadanlıqlarının oğurlandığı da iddia edilir.
Xatırladaq ki, Zülfüqarlı qardaşlarının “Bakı Poladtökmə” və “Bakı Elektroştamp” zavodları, bir sıra başqa müəssisələri, metal bazarında ciddi pay sahibləri olaraq Azərbaycanda böyük biznes şəbəkəsi vardı. Ancaq 2005-ci ildə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbs olunmasından sonra Zülfüqarlı qardaşlarına da qarşı müharabə elan edildi, onlar həbs olundu. Böyük sərvətin əhəmiyyətli hissəsi əllərindən alındıqdan sonra qardaşları azad etdilər. Işin görünən tərəfi odur ki, qardaşların əlində qalan sonuncu əmlakı da ələ keçirmək istəyirlər.

“Heç kəsi içəri buraxa bilmərik”

“Xəzər boru”nun mühafizəsində yalnız Zülfüqarlı qardaşlarının nümayəndələri canfəşanlıq edirlər. Əlixan Məlikovun adamları heç bir addım atmırlar. Bunun isə iki səbəbinin olduğunu söyləyirlər. Ya Əlixan Məlikov ARDNŞ şefindən xahiş edib ki, zavodu o, ələ keçirsin və bundan sonra 50 faizlik səhm paketi ilə şərikə işləsin, ya da “Azəriqaz”ın sabiq rəhbərinə geri çəkilmək göstərişi verilib. Hər iki variantı mümkün sayan baş direktor deyir ki, işi qanun çərçivəsində həll etmək istəyirlər.
Jurnalistlər “Xəzər boru”nun ərazisinə keçmək istəyəndə ARDNŞ-nin mühafizəçiləri buna imkan vermədi: “Icazə yoxdur. Bizə deyiblər ki, heç kəsi içəri buraxmayın”.
“Siz kimsiniz, haradan göstəriş verilib” sualına mühafizəçi özünəməxsus tərzdə “sizlik deyil” cavabını verdi. Eyni zamanda ərazini tərk etməyəcəyimiz təqdirdə bizi sürüyə-sürüyə çıxaracağını söylədi: “Çıxmasanız sizi sürüyəcəyəm. Heç kim də mənə heç nə deməz. Çünki arxamda duran var”. Qanunsuz bir iş görmədiyimizi dedik. Otağa girib kiminləsə əlaqə saxladı. Yalnız bundan sonra jurnalistlərin ərazinin müəyyən hissəsinə daxil olub çəkiliş aparmasına qismən şərait yaradıldı.
Hadisə yerinə Qaradağ RPI 10-cu polis bölməsinin rəis müavini və müstəntiqi də gəldi. Onlar zavodda çalışanlardan izahat alıb getdilər.

***

Günün sonunda məlum oldu ki, artıq ARDNŞ əməkdaşları zavodu tərk edib. “Xəzər boru”nu əvvəlki qaydada şirkətin mühafizəçiləri qoruyur.


Ramin DEKO
[ Ardını oxu ]

130 milyon manatın “yox”a çıxması...

Bu ilin may ayında Qax-Zaqatalada baş verən zəlzələ yüzlərlə evə ziyan vurdu. Olay yerinə gedən ölkə başçısı İlham Əliyev, Fövqalədə hallar naziri Kəmaləddin Heydərov təbii fəlakətin gətirdiyi fəsadların aradan qaldırılması üçün bütün lazımı tədbirlərin görüləcəyini vəd etdilər. Əvvəlcə dövlət büdcəsindən 20 milyon, daha sonra isə 300 milyon manat ayrıldı. Sakinlərə bildirildi ki, dərs ilinə qədər (2012-ci il sentyabrın 15-nə qədər – red.R.D.) bağçalar və məktəblər tikilib istifadəyə veriləcək. Qış qapını kəsdirənə qədər isə qəzalı evlər sahiblərinin “xidməti”ndə olacaq. Havalar soyusa da evlər tam tikilib istifadəyə verilmədi, məktəblərin inşası hələ də davam edir. Bağçalardan isə söz açmağa dəyməz. Valideynlər övladlarını ya evlərində tərbiyə edirlər, ya da bağça müəllimələrinin mənzillərinə göndərirlər...

500 məktəbli harada təhsil alsın?

Zaqatalada olanda evlərin tikintisinin ləng getdiyinin şahidi olduq. Evi yararsız olan Aşağı Tala kənd sakini Şahin Həsənov deyir ki, FHN-dən evinə iki dəfə komissiya gəlib: “Birinci dəfə “təmir edilməlidir”, ikinci baxışda “bərpa-gücləndirmə” dedilər. Ancaq indiyə qədər nə təmir olunub, nə də bərpa gücləndirmə işləri aparılıb. Evin tavanı isə uçub, yağış yağanda nəinki ikinci mərtəbə, hətta birinci mərtəbə də su altında qalır”.
Bu kəndin başqa bir sakini İmran Qaraçıyev üç nəfərlik ailəsiylə həyətindəki balaca daxmada yaşayır. Qorxusundan evində yaşaya bilmir. Qaraçıyevlər ailəsinə bir manat belə yardım olunmayıb. Bu azmış kimi mənzilinin bir kvadratı da olsun təmir edilməyib.
Həyətində çadır quran Mədinə Musayeva körpələriylə orada yaşaya bilmir. Deyir ki, uşaqları çadırda soyuqdan yata bilməzlər. Hələlik çat əmələ gəlmiş evində yaşayır. Komissiya üç dəfə bu ailənin mənzilində olub. Baxış zamanı məlum olub ki, evləri təmir olunmalıdır. Ancaq o da o biri sakinlər kimi hələ də yol gözləyir.
Aşağı Tala 3 saylı orta məktəbi də yenidən tikilir. Ötən əsrin 80-ci illərində istifadəyə verilən bu məktəbdə 1175 şagir təhsil ala bilirdi. Zəlzələdən sonra təhsil ocağı yenidən tikilir. Yenə də 3 mərtəbəli məktəb tikilir, ancaq şagird sayı az olacaq. Məlumatlara görə, burada 650 şagird oxuya biləcək. 500-dən artıq məktəbli təhsilini başqa ünvanda davam etdirməlidir.

İlham Əliyevin açılışında iştirak etdiyi məktəb çat verib

Gözbarax kəndində orta məktəb istifadəyə verilib. Kənd sakinləri deyir ki, sözügedən təhsil ocağının tez bir zamanda tikilib hazır olması ölkə başçısının ikinci dəfə Zaqatalaya səfəri üçün nəzərdə tutulubmuş. İlham Əliyevin qırmızı lenti kəsməsi üçün tələm-tələsik tikilən orta məktəbin hazırda binasında çat əmələ gəlib. Çatın qalınlığı 1-2 sm arasındadır.
Zaqatalada elə kəndlər var ki, orada evlər sökülüb yenidən tikilsə də, inşasının tam başa çatması üçün bundan sonra da 3-4 ay gərəkdir. Həmin evlərin ustalarıyla söhbət zamanı məlum oldu ki, mənzillərin tikilməsi üçün verilən tikinti materaillarını almağa günlərini sərf edirlər. Elə ev sahibi var ki, rayonun mərkəzinə gedib, komissiya üzvləri ilə dalaşır, sonda istəyinə çatır. Bundan başqa ustalara normal pul verilmir. Ustalara tikintisindən asılı olmayaraq hər işə görə bir kvadrat metr üçün ən yaxşı halda 3 manat pul verilir. Əksər vaxtı bu pullar da gecikdirilir. Bu halda isə fəhlələr baş götürüb qaçırlar. Gözbaraxda, Qımırda, Çobankolda və başqa kəndlərdə tikilən mənzillərin çoxu yarıtikildir.
Zaqatalalılar iddia edir ki, 3-5 min manat müqabilində evi və həyətindəki damı yenidən inşa etdirmək mümkündür.

Unudulmuş bir kənd...

Ən acınacaqlı vəziyyət Zaqatalanın Ələsgər kəndindədir. Ələsgər Muxax kəndindən 2 kilometr aralıdadır. Yəni o qədər uzun məsafə qət etmirsən. Kənd o qədər də böyük deyil. Burada 70 ailə yaşayır. Kəndə gediş-gəliş çətindir. Bura bircə dənə də olsun marşrut işləmir. İnsanlar rayonun mərkəzinə getmək üçün yük maşını sifariş edirlər. Maşın isə zəhmət haqqı üçün 20 manat tələb edir. Bu pulu qazana bilməyən kənd sakinləri ayda, ildə bir dəfə mərkəzə gedirlər.
Ələsgərdəki evlərin əksəriyyəti qəzalı vəziyyətdədir. Zəlzələdən sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) komissiyası kəndə iki dəfə səfər edib. Bütün mənzillərə “təmir edilməlidir”, “bərpa-gücləndirmə” rəyi yazılıb. Ancaq bircə dənə də olsun ev təmir olunmayıb. Sakinlər onlardan mənzillərinin təmir olunmasını tələb edəndə özlərinin qarşılaşdığı problemləri eşidirlər. Sən demə, FHN bu kəndə evlərin təmiri üçün taxta-şalban, daş, qum-çınqıl göndərə bilmir.
Məryəm Mahmudovaya komissiya üzvləri deyib ki, Ələsgər kəndinə gəlmək çətindir: “Bizə dedilər ki, özünüz maşın tapın inşaat materiallarını aparın. Belə dövlət olar? Soyuqdan qırılırıq. Bir azdan havalar lap pis olacaq”.
Gülşən Mahmudovanın evi də qəzalı vəziyyətdədir. Onun mənzilinə də komissiya gəlib, baxıb, rəyini yazıb və gedib. Təbii fəlakətdən sonra Ələsgərdə yalnız 9 illik təhsil verən orta məktəb inşa edilir. Dərs ilinə qədər məktəb istifadəyə verilmədiyi üçün şagirdlər direktorun evində “təhsil” almalı olurlar.

FHN deyir ki...

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində 01 noyabr 2012-ci il tarixə kimi FHN-nin müvafiq komissiyası 28680 fərdi yaşayış evinə, 1179 ictimai kommunal binalara baxış keçirilib. Bunlardan 3545 fərdi yaşayış evinin, 11 kommunal çox mənzilli yaşayış binasının bərpası nəzərdə tutulub. Hazırda evlərə və sosial obyektlərə texniki baxışların keçirilməsi davam edir. Rayonlar üzrə Zaqatalada 3003, Qaxda 327, Balakəndə 215 (cəmi 3545) fərdi yaşayış evinin və 3 kommunal çox mənzilli yaşayış evlərinin tikintisinə başlanılıb. 482 ev tikilib sakinlərin istifadəsinə verilib. Zəlzələ ilə bağlı ziyan dəymiş 35 məktəbin, o cümlədən Zaqatalada 21, Qaxda 10, Şəkidə 3, Balakəndə 2 məktəbin tikintisinə başlanılıb. Bunlardan 6 məktəb tikilib istifadəyə verilib, 9 məktəbin tikintisi başa çatmaq üzrədir. Tikintisinə gec başlanılmış məktəblərin isə 2013-cü ilin yanvar-aprel aylarında tikilib istifadəyə veriləcəyi bildirilir. Zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün əvvəlcə 20 milyon manat, sonra 300 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin 234 605,6 min manatı xərclənib.

130 milyon manatın “yox”a çıxması...

Zəlzələ bölgəsində də vəsaitlərin mənimsənilməsi mərhələsi daha çox tikinti materiallarının şişirdilmiş bazar qiymətləri ilə alınmasında və evlərin tikintisində baş verir. Zəlzələ bölgəsində evlərin bir kvadratmetri 500 manata tikilir. Bunu Zaqatala rayonunun Gözbarax kəndində çalışan “Gilan Holdinq” şirkətinin nümayəndəsi Seyidmalı İsmayılov da təsdiq edib.
Əslində isə zəlzələ bölgəsində ev tikintisi neçəyə başa gələ bilərdi?
“Əmlak bazarı iştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı monitorinq aparmadan dəqiq rəqəmlər açıqlamağa çətinlik çəkdiyini bildirdi. Lakin o, zəlzələ bölgəsində inşa edilən evlərin qaçqın və məcburi köçkünlər üçün inşa olunan şəhərciklərdən ucuz başa gəldiyini də qeyd etdi.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülaliyev deyir ki, Fövqəladə Hallar Nazirliyinin xətti ilə tikilən evlərin qiymətinin araşdırılması üçün dəfələrlə adı çəkilən nazirliyə müraciət edib və rəsmi sorğu göndərib. O.Gülalıyevin sözlərinə görə, sorğulara cavab verilmədiyindən məhkəməyə müraciət etməli və eyni zamanda araşdırmalara başlamalı olublar: “Prosesə müstəqil ekspertlərdən və qiymətləndirmə şirkətlərinin nümayəndələri də cəlb edilib. Məlum olub ki, Sabirabad və Saatlıda iki otaqlı ev təxminən 19 min 500 manata, 3 otaqlı ev isə 24 min manata başa gəlir. Fövqəladə Hallar Nazirliyinin xətti ilə Zaqatalada iki otaqlı evlərin tikintisi 45 min manata, 3 otaqlı evlərin tikintisi 63 min manata başa gəlir. Bu da real qiymətlərdən 2-2,5 dəfə artıqdır və reallıqdan uzaqdır. Yəni korrupsiyadan xəbər verir”.
Hər bir evin tikintisində 20 min manatdan 32 min 500 manata qədər mənimsəmə var. Tikilən evlərin daha çox 3 və 4 otaqlı olduğunu nəzərə alaraq mənimsənilən vəsaiti orta hesabla hər evdən 27 min manat götürsək təkcə evlərin tikintisi zamanı  nəzərdə tutulan 3545 evin tikilməsi üçün dövlət büdcəsindən nə az, nə çox 95 milyon manatın “yox”a çıxdığı məlum olur.
Zəlzələ zonasında tikilən evlərdə hamam və tualetin inşası nəzərdə tutulmayıb.
Tikinti materiallarının şişirdilmiş bazar qiymətləri ilə alınması, ucuz işçi qüvvəsindən istifadə olunması, vergi və digər sosial ödənişlərin ödənilmədiyi, sığorta və əmək müqaviləsinin olmadığı və başqa işləri nəzərə alsaq məbləğin 130 milyon manatı ötdüyü üzə çıxacaq. Bu vəsait ümumi vəsaitin az qala yarısını edir.

Evlər neçəyə tikilir, ustalara nə qədər məvacib verilir?

“Əmlak Ekspert Servis” Qiymətləndirmə Şirkəti Kür daşqınları ilə bağlı 2011-ci ildə tikilmiş 78.5 kvadrat metrlik evin qiymətləndirməsini aparıb. Qiymətləndirmə “Qiymətləndirmə fəаliyyəti hаqqındаАzərbаycаn Rеspublikаsı Qаnununа və Milli Qiymətləndirmə Stаndаrtlаrınа (AZS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlхalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun оlaraq həyata keçirilib. Qiymətləndirməyə əsasən 3 otaqlı, 78.5 kv.m ümumi, 54,3 kv.m. yaşayış,  24,2 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin dəyəri 23959 (iyirmi üç min doqquz yüz əlli doqquz) manat olub.
2 otaqlı, 73.78 kv.m ümumi, 32,0 kv.m. yaşayış,  41,78 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin dəyəri isə 19 721 (on doqquz min yeddi yüz iyirmi bir) manat təşkil edib.
Zəlzələ bölgəsində tikinti işlərini həyata keçirən podratçı təşkilatlarda çalışan işçilərlə hər hansı müqavilə bağlanmır. Onlardan yalnız vəsiqələri alınır, kitaba kimlikləri qeyd olunur. İşçilər təhlükəsizlik qaydalarına əməl etmirlər. Bu qaydalara əməl etmək üçün onlara hər hansı şərait də yaradılmır. Tikintidə, hətta qaynaq işlərində çalışanların xüsusi qoruyucu geyimləri, uniformaları, başlarında kaskaları, hətta bəzilərinin əlcəkləri belə yoxdur. Bir çox işçilərə əmək haqqı qarşılığında gündəlik 10-12 manat günəmuzd verilir.
Aparılan təmir-tikinti işlərində yerli sakinlər demək olar ki, iştirak etmirlər. Səbəbi isə çox sadədir - verilən əmək haqqı xeyli aşağıdır. Buna görə də əsasən işçilər, Saatlı, Sabirabad, Şirvan, İmişli, Dağıstan və başqa bölgələrdən gəlirlər. Belə ki, fəhlələrə suvağın, alçipanın, döşəmənin vurulmasının bir kvadratmetri 2 manat, hörgünün kvadratı 2,5-3 manat pul verilir. Usta da həmin vəsaitdən ona kömək edən fəhləyə də pul verməlidir. Halbuki, podratçı təşkilatların FHN ilə razılaşmasına görə, işçilərə faktiki olaraq verilən əmək haqqından qat-qat artıq məvacib ödənilməli idi.

“Kür”: Zəlzələyə ayrılan pullara məmurlar üçün villalar tikilir

“Zaqatalada Kəmaləddin Heydərovun sədrliyi ilə  keçirilən müşavirədə ona zəlzələ bölgəsində podratçı təşkilatların gördüyü işlərlə bağlı 3 ay öncə təqdim olunmuş arayış yenidən təqdim edilib. O isə öz növbəsində “axı bu arayışı 3 ay öncə mənə vermişdiniz” desə də sonradan üstündən sükutla keçib. Noyabrın 15-də isə bölgəyə səfər edən FHN rəhbəri bildirib ki, 2012-ci ilin 7 və 18 mayında Qax-Zaqatala bölgəsində baş vermiş Zəlzələ nəticəsində ziyan dəymiş evlərin 60 faizi tikilib”, - bu sözlərin müəllifi isə mənzili qəzalı vəziyyətdə olan, ancaq heç bir yardım ala bilməyən Aşağı Tala kəndinin sakinidir.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının bu günlərdə yayımladığı hesabatda maraqlı bir nüans öz əksini tapıb. Hesabatda qeyd edilib ki, vəsaitlərin xərclənmə coğrafiyası bəzən FHN-ni aşaraq digər yüksək vəzifəli şəxslərin maraq dairəsinə, bəzən isə siyası məqsədlərə xidmət edir: “Həmin pulların bir hissəsi podratçı təşkilatların, başqa bir hissəsi FHN-nin rəhbərliyində təmsil olunan şəxslərin, onların yaxın ətrafının, qohumlarının biznez maraqlarının təmin olunmasına sərf olunur.
Vəsaitlərin digər hissəsi isə daha yuxarı oqranlara ötürülür. “Qənaət olunmuş” vəsaitlərlə zəlzələ bölgəsində çalışmalı olan şirkətlər Xızıda, Göy-Göl rayonunun Zod qəsəbəsində, Bakı şəhərinin özündə, Zirə qəsəbəsində, İsmayıllı rayonunda, Qəbələdə, Ağdaşda, Lənkəranda və başqa ünvanlarda FHN-də, Prezident Administrasiyasında və başqa dövlət qurumlarında işləyən yüksək vəzifəli şəxslərə, onların yaxın qohum-əqrabası üçün müasir tələblərə cavab verən yaraşıqlı, böyük iqamətgahlar tikirlər. Bu villa-iqamətgahları birbaşa FHN rəhbərliyinə məxsus və tabe olan əsasən “Azəri Trans” şirkəti inşa edir”.
Ən maraqlı məqamlardan biri isə Zaqatalada evlərin tikintisi ilə məşğul olan şirkətlərin adlarının çox ciddi cəhdlə gizlədilməsidir. FHN rəhbərliyinə təqdim olunmuş arayışlarda ev tikən şirkətlərin adı gizlədilir və şirkət rəhbərlərinin yalnız soyadları qeyd olunub. Çalışan şirkətlərin adlarının nəinki ictimaiyyətə, hətta FHN daxilində belə yazışmalarda və hesabatlarda da açıqlanmasına icazə verilmir.

Zaqatalayla Vanın fərqi, yaxud nazirlik niyə susur?

Ötən il Türkiyənin Van şəhərində baş vermiş ağır, dağıdıcı zəlzələdən sonra bir il içində bölgə yenidən quruldu. Yeni şəhərin salınması Türkiyənin dövlət büdcəsinə cəmi 150 milyon dollara (təxminən 130 milyon manata – R.D) başa gəldi. Ancaq Zaqatalaya dövlət büdcəsindən təxminən 3 dəfə çox vəsait ayrılmasına baxmayaraq problemlər həll olunmur.
FHN isə ona ünvanlanan çoxsaylı suallara aydınlıq gətirmir. İstər vətəndaş cəmiyyətinin, istər jurnalistlərin, istərsə də Zaqatala sakinlərinin həm rayon icra hakimiyyətinə, zəlzələdən sonra ayrılan komissiyanın rəhbərinə, nazirliyə, həm də nazir Kəmaləddin Heydərova göndərdiyi saysız-hesabsız sualları, müraciətləri, şikayətləri cavabsız qalıb.

Bunları nəzərə alaraq cavabı hələ verilməyən sualları qeyd edirik:
1. Evləri tikilmiş şəxslərin adı, soyadı, ailə üzvlərinin sayı, tikilən yeni evin sahəsi, həmin evi tikən şirkətin adı, tikintiyə çəkilən xərc və evin ünvanı FHN-nin saytında yerləşdirilsin.
2. Ustalara verilən pulun dəyəri açıqlansın.
3. Mənzilləri tikən şirkətlər və onların rəhbərlərinin adı açıqlansın.
4. Ev inşa edən şirkətlər bu işi görmək üçün tenderdə necə qalib gəlib? Onların tenderə verdiyi layihənin surəti ictimaiyyətə açıqlansın.
5. FHN-nin tərkibində yaradılmış komissiya evlərin “qəzalı” və ya “bərpa-gücləndirmə” rəyini nəyə əsasən verir?
6. Rayonun Ələsgər kəndində zəlzələdən sonra bircə dənə də olsun ev tikilməyib. Bunu nə ilə izah etmək olar?

Ümidlə FHN-dən bu suallara cavab gözləyirik. İnanırıq ki, nə vaxtsa bizə, o cümlədən, ictimaiyyətə qaranlıq qalan suallar “ağ gün”ə çıxacaq...

Ramin DEKO


[ Ardını oxu ]

“Mehriban xanım nazirə dedi ki, problemi həll edin, yenə şikayət etsə, ərizəni yaz, işdən çıx”

Nəqliyyat şefinin obyektində işləyib dörd barmağını itirən, sonra onun adamları tərəfindən oğurlanan fəhlənin başına daha nələr gəlib?


Nəqliyyat naziri Ziya Məmmədovun adamları Kürdəmir rayon Mollakənd kənd sakini Iftixar Ağayevin başına olmazın oyunlar gətirib. Dörd barmağını itirən, bir ay oğurlanaraq girov saxlanılan, işindən olan 1978-ci il təvəllüdlü bu şəxsin həyatı bir dramdır. Onunla görüşüb söhbət edəndə qarşımızda duran şəxsin 34 yox, 64 yaşlı bir adamın olduğunu zənn etdik. Ancaq yanılmışdıq...
Iftixar Ağayev və onun hüquqlarını müdafiə edən, hüquq müdafiəçisi Ələkbər Məmmədovla öncədən planlaşdırdığımz ünvanda görüşüb söhbət etdik.

“Xəstəxanaya da gizli apardılar, evə də...”

Iftixar Ağayev 2003-cü ildən Bakıda yaşayır. Daha dəqiq desək, Xırdalanda kirayədə qalır. Onun nə evi var, nə də pulu. Buna görə də ailə qura bilmir. Deyir ki, paytaxta üz tutanda bundan sonra həyatının yaxşılığa doğru dəyişəcəyini gözləyirmiş. Həyatı dəyişdi, ancaq gözlədiyi kimi yox.
O, Xırdalanda “Azbentonit” zavodunda fəhlə kimi işə düzəlir. Görəcəyi iş isə kisə kəsmək olub, maaşı da indiki pulla 120 manat. Bir müddət keçəndən sonra vəzifəsi qaldırılır, olur çilingər ustası. Təbii ki, maaşı da artırılır. Olur 160 manat: “Əslində mənə çatacaq əmək haqqı 120 “şirvan” idi (240 manat). Ancaq sex rəisi Sakit müəllim maaş günü kağıza imza atdırıb, 80 “şirvan” (160 manat) verirdi. Icazə yox idi ki, kağızda yazılan əmək haqqımıza baxaq. Sonradan bildim ki, maaşımızı yeyirlər".
Iftixar Ağayev düz 4 il bu cür işləyir. Əmək haqqı kəsilsə də, birtəhər zavodda çalışır. 2007-ci ilin yayında dəzgahla işləyən zaman barmaqlarını itirir: “Barmaqlarımı “stanok” aparan kimi məni 01 AA 135 nömrəli maşınla sex rəisi Sakit müəllim, texniki təhlükəsizlik xidmətinin əməkdaşı Tahir müəllim, zavodun baş mühəndisi Şakir müəllim xəstəxanaya apardılar. Bu barədə polisə heç bir məlumat vermədilər. Topçubaşov adına xəstəxanada Anar adlı cərrah 3 saatdan çox əməliyyat apardı. Bir neçə gündən sonra məni evə buraxdılar. Xəstəxanada olanda da polisə məlumat vermədilər və mənə dedilər ki, bir kəsə şikayət etsəm, axırım pis olacaq".
Iftixar Ağayev deyir ki, zavod təkcə onun əməliyyat olunması üçün xəstəxanaya pul ödəyib: “Müalicəni öz hesabıma etdim. Hətta məni xəstəxanadan evimə gizli şəkildə gətirdilər. O dərəcədə hədə-qorxu gəldilər ki, nə başqa ünvanda - qohumlarımgildə qaldım, nə də xəstəxanada müalicə olundum. Böyük bacım mənə qulluq etdi. Sağalandan sonra zavoda qayıtdım”.


“Barmaqlarımı guya evdə işləyəndə itirmişəm”

Iftixar Ağayev zavoda gedən kimi birbaşa “Azbentonit”in təsisçisi Aydın Məmmədovla sədr Yasin Xəlilovun qəbuluna düşür: “Onlar da məni hədələdilər. Qorxumdan səsimi çıxarmadım. Iş kimi mənə zavodda yaşıllaşdırmanı tapşırdılar. Həyəti süpürürdüm, zibilləri atırdım - bu sayaq işə görə aylıq əmək haqqım 80 manat idi”.
Müsahibimiz deyir ki, yaşıllaşdırmada 6 ay işləyəndən sonra zavodun mühafizə xidməti vəzifəsini icra etməyə başlayır: “Mühafizədə maaşım 230 manat idi. Bir müddət bu vəzifədə çalışandan sonra mənə edilən haqsızlığa daha dözə bilmədim. Haqqımı tələb etməyə başladım, vurulan ziyana görə kompensasiya istədim. Bunu görəndə şər atmağa başladılar. Təhlükəsizlik xidmətinin rəisi Murad Qafarov məni oğurluqda suçladı. Guya köhnə akkumlyator oğurlamışam. Halbuki bu oğurluqdan xəbərim olmayıb. Özləri planı qurmuşdular, sonradan üstü açıldı. Bir sözlə, oğurluq adıyla məni işdən azad etdilər”.
Iftixar Ağayev bir müddət işsiz qaldıqdan sonra özünə təqaüd düzəltdirmək istəyir. Buna görə yenidən zavoda baş çəkir. Aydın Məmmədov onu qəbul edir və bildirir ki, kömək edəcək. Bir müddət sonra Aydın Məmmədov ona deyir ki, ikinci qrup əllilik dərəcəsi almaq üçün Kürdəmirdəki komissiyaya 700 manat göndərib: “Kürdəmir rayonuna getdim və komissiyanın sədri Eynulla müəllimlə görüşdüm. Mənə dedi ki, 9 il komissiyaya gəlib-getməlisən, ola bilsin barmaqların yerinə gəldi. Bu cavabdan sonra özümə gələ bilmədim. 9 aydan sonra mənə üçüncü qrup əlillik dərəcəsi verdilər. Yenidən Eynulla müəllimlə görüşdüm. Ona dedim ki, Aydın Məmmədov ikinci qrup əlillik dərəcəsi almağım üçün sizə 700 manat göndərib. Bunu inkar etdi və heç kimdən pul almadığını dedi. Üstəlik qeyd etdi ki, barmaqlarımı istehsalatda yox, öz evimdə işləyən zaman itirmişəm. Bu cavabdan əsəbiləşdim, dedim ki, sən barmaqlarını şüşənin arasına qoy, əgər mənim kimi barmaqlarını itirsən, heç nə tələb etməyib, buranı tərk edəcəm. O, polis çağırdı. Guya onu təhqir etmişəm. Kürdəmir rayon polis idarəsinin əməkdaşları məni idarəyə apardılar. Başıma gələnləri polisə danışdım, bir sutka orada saxlanandan sonra sərbəst buraxıldım”.

Mehriban Əliyevanın göz yaşları...

Iftixar Xəlilov polis idarəsindən çıxandan sonra dərhal Bakıya - “Azbentonit”ə gəlir. Zavodun təsisçisi və rəhbərliyinin qəbuluna düşür, ancaq təhqir olunaraq bayıra atılır: “Çarəsiz qalıb Nəqliyyat naziri Ziya Məmmədova teleqram vurdum. Çünki işə düzələn zaman mənə bildirmişdilər ki, zavod Ziya müəllimindi. Teleqramıma cavab gəldi. Cavab məktubunda yazılmışdı ki, nazirliyə gəlim. Deyilən vaxtda nazirliyə getdim, ancaq mühafizə xidmətinin əməkdaşları zavodun nazirlə heç bir əlaqəsi olmadığını dedilər və məni bayıra atdılar”.
Çarəsiz qalan Iftixar bu dəfə ombudsman Elmira Süleymanovaya şikayət məktubu yazır: “Elmira xanımın imzasıyla mənə cavab gəldi ki, başıma gələn hadisələrlə bağlı heç nə edə bilməz. Guya onun buna səlahiyyəti çatmır”.
Iftixar Ağayev 50 manat borc pul tapır. Məqsəd Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya sifarişli teleqram göndərmək olur: “Mənə dedilər ki, Xırdalan poçtundan teleqramı göndərməyim. Oradan heç bir məktub Mehriban Əliyevaya çatmır. Ancaq heç kimə fikir vermədən göndərdim. Allaha dua etdim ki, teleqramım çatsın və məni qəbul etsin”.
Bir müddət keçəndən sonra Mehriban Əliyeva Iftixar Ağayevi qəbul edir: “Cavab məktubu gəldi ki, Mehriban Əliyeva sizinlə görüşmək istəyir. Mehriban xanımla görüşdüm və ona başıma gələn hadisəni danışdım. Dediklərimi eşitdikcə gözündən yaş süzülürdü. Məni təhüləksizlik xidmətinin əməkdaşlarına tapşırdı. Onlarla birlikdə nahar etdim, mənə kostyum aldılar, sonra 100 manat pul verdilər. Üstündən bir neçə saat keçəndən sonra dedilər ki, Mehriban xanım sizi yenidən qəbul otağında gözləyir”.
Bu dəfə qəbul otağında Mehriban Əliyevadan başqa nəqliyyat naziri Ziya Məmmədov, ombudsman Elmira Süleymanova və əmək müfəttişliyi xidmətinin bir əməkdaşı vardı: “Qorxudan əlim-ayağım əsirdi, özümü itirdim. Mehriban xanım mənə dedi ki, narahat olma, başına gələnləri danış. Bütün başıma gələnləri bir daha danışdım. Mehriban xanım məndən soruşdu ki, Ziya Məmmədova sualın var? Dedim ki, bəli. Nazirdən “Azbentonit” zavodu haqda soruşdum. Ziya Məmmədov təsdiqlədi ki, zavod ona məxsusdur. Elmira xanıma etdiyim müraciətə verdiyi cavabın səbəbini soruşdum, o susdu".
Bu söhbətdən sonra Mehriban Əliyeva Ziya Məmmədova və əmək müfəttişliyi xidmətinin əməkdaşına göstəriş verir: “Mehriban xanım nazirə dedi ki, bu adamın problemini həll edin. Zavodda işə düzəldin. Əgər mənə şikayət etsə, ərizəni yaz, işdən çıx”.

“Oğurlanmağımla bağlı bir yerə şikayət etsəm, anamı və məni öldürəcəklərini dedilər”

Görüşdən çıxandan sonra Iftixar Ağayevi “Azbentonit”ə gətirirlər: “Mənimlə Aydın Məmmədov və Yasin Xəlilov görüşmək istədi. Razı olmadım, mənimlə zavoda gələnlər onlarla görüşdülər. Aşağıda rəhbərliyin adamları başladı mənə yaltaqlanmağa. Guya bu zavodun rəhbərliyi insaflı adamlardır, nə bilim daha nə. Sonda yuxarı qalxıb rəhbərliklə görüşdüm və onların dilindən yazılı izahat aldım”.
Iftixar Ağayev bir müddət zavodda işləyir. Pozulan hüquqlarını bərpa etmək, kompensasiya almaq üçün yenidən rəhbərliklə görüşmək istəyir və hədələnir: “Bir gün işdən çıxıb evə gedəndə, Xırdalanda ”109" adlanan yerdə iki nəfər qara maskalı məni oğurlayıb Sabunçu istiqamətinə apardı. Düz bir ay mənimlə orda qaldılar, yalnız su və çörək verdilər ki, ölməyim. Onların sifətini görə bilmədim, həmişə maskada idilər. Sonda hiylə işlətdim. Onlar dedilər ki, bir yerə şikayət etsəm, məni öldürəcəklər. Onlara dedim ki, artıq gecdir, MTN və Baş Prokurorluğa məlumat vermişəm".
Onun bu hiyləsi köməyinə çatır və onu sərbəst buraxırlar: “Bir müddət evdə qaldım. Sonradan işə çıxdım. Orada öyrəndim ki, girovluqda olan zaman işdəkilərə və məni soruşanlara deyiblər ki, xəstəyəm, evdə yatıram. Zavodda yenidən işimə bərpa olundum, ancaq bu dəfə daha pis. Rəhbərlik başıma gələn sonuncu olayla bağlı harasa şikayət etsəm, anamı və məni öldürəcəyini dedi. Qorxumdan səsimi çıxara bilmədim”.
Iftixar Ağayev bu minvalla 1 il 6 ay zavodda işləyir. Bu ilin iyunun 16-da onu yenə işdən çıxarırlar: “Səbəbsə yenə haqqımı tələb etməyim oldu. Onlar açıq-aydın mənə deyirlər ki, haqqını tələb etmə, kompensasiya istəmə. Nə edim? Barmaqlarımı itirmişəm, həyatım məhv olub”.
Indi Iftixar hüquq müdafiəçisi Ələkbər Məmmədovla bu məsələni ictimailəşdirib Mehriban Əliyevanın diqqətinə çatdırmaq istəyir. Yaxın günlərdə isə problemlərlə bağlı bütün aidiyyəti qurumlara müraciət edəcəklər.

***

Iftixar Ağayev sonuncu dəfə işdən çıxanda Aydın Məmmədova və Yasin Xəlilova deyib ki, başına gətirilən oyunlarla bağlı ölkə başçısı Ilham Əliyevə teleqram vuracaq: “Mənə dedilər ki, Ilham Əliyevi tanımırıq, kimə istəyirsən şikayət et”.
Aydın Məmmədov Ziya Məmmədovun yaxın qohumudu, Yasin Xəlilov isə həm tanışı, həm də yerlisi...


Ramin DEKO
[ Ardını oxu ]

Bakıda daha bir məhəllə uçuruldu; sakinlər yeni ildə evlərindən oldu

«Bizim haqqımızı kəsirlər, ancaq vəzifəli şəxsə dəyərindən artıq verirlər»



Bakıda söküntü-dağıntı bumu davam edir. Şəmsi Bədəlbəyli, Füzuli küçələrinin, Neftçilər prospektinin sakinlərini yurdlarından didərgin salandan sonra növbə Yusif Səfərov küçəsinə çatdı. Sözügedən ünvan Bakı şəhər Baş Polis Idarəsinin yeni binasının yaxınlığında yerləşir.
56 ailənin yaşadığı ərazinin sakinləri 2012-ci ili evlərində qarşılaya bilmədilər. Məcburi surətdə evlərindən çıxarıldılar, az miqdarda kompensasiya ödənildi, razı olmayanlar, etiraz edənlər döyülərək, təhqir edilərək zorla evindən oldu.
Ərazinin əksər sakini müəyyən hədə-qorxularla evlərini tərk etmişdilər. Yerdə qalan 56 sakin isə isti evlərində son günlərini elə ötən ildə gerçəkləşdirdilər...

Prezident kompensasiyası nə deməkdir?

“Dekabrın 29-da bir qrup adam işığımızı, suyumuzu kəsdi. Məcbur etdilər ki, evdən çıxaq, əks halda buldozerin qarşısında qalıb, məhv olacağıq. Öncə inanmadıq, düşündük ki, bu qədər haqsızlıq etməzlər. Ancaq inanmadığımız başımıza bəla oldu. Evləri sökdülər, qadınlı, qocalı, hamını təhqir edib evdən çıxartdılar. Elə həmin gün də söküntü işlərinə başladılar. Məqsədləri iş gününə qədər söküntünü reallaşdırmaq idi. Bu arzularına da çatdılar” - bu sözləri sözügedən ünvanın keçmiş sakinləri deyir. Indi onlar dərd-qübar ilə xarabalıqdan boylanıb ötən günlərinin xiffətini yaşayırlar.
Buradakı bir mərtəbəli binalar 1905-ci ildə tikilib. Heç bir rəsmi sərəncam olmadan evlər uçurulub. Yurdlarının söküləcəyi xəbərini onlara Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Ağəli Əhmədov “muştuluqlayıb”.
Sakinlərə “ədalətsiz kompensasiyalar”, yəni şəhərin bu hissəsində mənzilin dəyərindən xeyli az vəsait təklif edilib. Belə ki, hər kvadrat metr yaşayış sahəsi üçün 1250 manat üstəgəl 20% “prezident kompensasiyası” təklif olunur. Ancaq insanlar “prezident kompensasiyası”nın nə olduğunu soruşanda - hər kvadratmetr üçün əlavə 250 manat adlandırırlar.
35 kvadratmetr yaşayış sahəsi üçün 47 min manat təklif olunub. Iki evi olanın biri qeydə alınıb. Halbuki yaxınlıqdakı yeni binalarda təmirsiz mənzilin bir kvadrat metri 2000 dollardan yuxarıdır. Üstəlik, bu binalarda 80-100 kvadrat metrdən az sahəsi olan mənzillər satılmır.
Ərazidə onlarla qaraj, qaçqın və məcburi köçkün ailələri, bir neçə şirkətin ofisləri, o cümlədən dövlət idarələri sökülüb. Sonuncu sökülən “qala” isə Azərbaycan Dəmir Yolları QSC-nin Bakı yük stansiyasıdır. Indi onun “fatihəsi” oxunur. Fəhlələr isə para-para kərpicləri gətirdikləri maşınlara yükləyib iki-üç günlük “pulsuz” azuqə tapdıqları üçün sevinirdilər.
Ərazidə nəyin tikiləcəyi və kimin tikəcəyi sualına aydınlıq gətirmək mümkün deyil. Yaxınlaşdığımız insanlar “vallah bilmirik” deyib bizdən uzaqlaşırdılar.

Parkmı, göydələnmi, yolmu?

Evləri başlarına uçurulanlar kompensasiyanın ödənilməsinin qeyri-şəffaf həyata keçirildiyini deyirlər: “Apreldə pulu Kapital Banka köçürüblər, ancaq məlum olub ki, orada pul yoxdur. 3-4 ay sonra pulların ”VTB-Azerbaijan" bankında olduğu ortaya çıxıb".
Nəsimi rayon icra başçısının birinci müavini Ağəli Əhmədov mətbuata açıqlamasında bildirib ki, sakinlərə hər kvadratmetr üçün 1500 manatdan kompensasiya təklif olunub və 34 ailədən 16-sı vəsaiti alaraq köçüb. Yalnız sənədi olmayan tikililər üçün əlavə pul tələb edənlər qalıb: “Lakin kompensasiya 1 saylı forma arayışı və mülkiyyət hüququ haqqında sənədlərə əsasən yaşayış sahəsi üçün verilir.
Icra başçısının müavini qeyd edib ki, pullar rəsmi olaraq bank hesablarına köçürülür, həm də komisyon xidmətləri vətəndaşların hesabına ödənilir. O bildirib ki, sözügedən ünvanda yaşayış evləri park kompleksinin tikintisi ilə əlaqədar sökülür.
Ancaq sakinlər buna inanmırlar. Onlar deyirlər ki, burada park adıyla “göydələn” tikəcəklər: “Ona görə də belə edirlər. Məgər park salmaq üçün başqa ünvan tapa bilmirdilər?”.
“Burada elə ailə var ki, onun evinin sahəsi 66 kvadrat metrdir, ona kompensasiya üçün 25 kvadratını hesablayıblar: ”41 kvadrat göydə qalır. 1500 manatdan kompensasiya verilir. Deyirlər ki, hər kvadrat metr üçün 1250 manat, prezidentin ehtiyat fondundan 250 manat əlavə ödəyirlər" - deyir, sakinlər.
Yurdundan didərgin salınanlar bildirirlər ki, burada yaşayan bir neçə vəzifəli sənəddə yazılandan da artıq kompensasiya alıb: “Bir sakin yaşayırdı, prezident qvardiyasında işləyir. Onun evinin sahəsi 22 kvadratmetr idi, ancaq 49 kvadratmetr üçün kompensasiya ödənildi. Belə biabırçılıq olar? Bizim haqqımızı kəsirlər, ancaq vəzifəli şəxsə dəyərindən artıq verirlər”.
Ərazidə yaşayan insanlar parkın, yolun salınacağını deyənlər də oldu, göydələnin tikiləcəyini bildirənlər də.

Birotaqlı evlər nəzərə alınmır

Elə ailələr var ki, onlara bir manatda pul ödənilməyib. Adını da “evin sənədləri yoxdur” qoyublar. Hazırda bu cür ailələrin sayı 10-u ötür. Hamısı da Bakının küçələrində kirayə ev axtarışındadır. Məhkəməyə müraciət edən bir qrup sakinə qarşı daha çox haqsızlıq edilib. Belə ki, sakinlərin xeyrinə qərar çıxarılsa da, məhkəməni saya salan yoxdur. Elə əllərindəki sənəd qarışıq insanlar bayıra atılıb.
Hələ bu harasıdır, Icra hakimiyyəti 30 kvadratmetrlik birotaqlı tikililəri də nəzərə almayıb. Rayon icra hakimiyyətinin 1989-cu il tarixli sərəncamı əsasında qanuni olaraq evlər tikilib. Insanlar bir ətək pul töküb özlərinə ev salıblar, amma...
Əmması odur ki, birotaqlı evlər diqqətlə ölçülüb və fotoşəkli çəkilib. Bu isə mənzillərin alqısı zamanı korrupsiyaya yol verildiyini düşünmək üçün əsas verir. Əks halda heç nəzərə alınmayan otaqlarla bağlı niyə əlavə “iş” görülür ki?

***

“Heç olmasa imkan verəydilər bayramı öz evimizdə keçirəydik. 31 dekabr dünya azərbaycanlıların həmrəylik günü belə qeyd edilir?” - bu kəlmələri evlərindən didərgin salınan vətəndaşlardan ayrılan zaman eşitdik. Onların bu sualını cavabsız buraxıb geri dönürük...


Ramin DEKO
[ Ardını oxu ]

«Azinko» Bayıl yamacını yaman günə qoydu

Neftçilər prospektində 57, 59 və 61 saylı binalar yerlə-yeksan olundu. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənovun rəhbəri olduğu “Azinko” şirkəti adıçəkilən ünvanlarda 100-dən çox ailəni evindən didərgin saldı. Kompensasiya vermək əvəzinə, onlara şirkətin Keşlə qəsəbəsində tikdiyi evlərə köçməyi məsləhət gördü. Yəni vətəndaşlar ya deyilən ünvana köçməlidir, ya da özlərinə gün ağlamalıdırlar.

Komitə sədrinin deputat qardaşı hər yanı məhv edir

Söküntü-tikinti işlərini aparan “Azinko”nun səlahiyyətli nümayəndələri həmin ərazidə dövlət obyekti tikəcəklərini deyirlər. Bildirirlər ki, sözügedən ünvanda ticarət və əyləncə mərkəzi inşa olunacaq. Sakinlər isə dövlət əhəmiyyətli obyektin tikilməsinə etiraz etmirlər, sadəcə haqlarını tələb edirlər. Yəni bazar qiymətlərinə uyğun onlara kompensasiya verilməsini istəyirlər. Ancaq...
“Azinko” indi də ərazidə olan ağacları qırmağa başlayıb. Sürüşmə zonası olduğundan neçə illərdir burda ağaclar əkilir. Ancaq şirkət qarşısına nə keçirsə, məhv etməyə başlayıb.
Onu da qeyd edək ki, ağacları YAP əkib. Çəkilən zəhmətin nümayiş etdirilməsi üçün həmin əraziyə partiya belə bir lövhə də vurub: “Ağacları Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasının 10-cu ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının üzvləri əkmişdir”.
Şirkətə məxsus buldozerlər yaşıllığı məhv etməyə başlayıb. Ilkin olaraq hasara alınmış ərazidəki ağaclar qırılır. Sonra isə növbə ətrafdakı yaşıllıqlara çatacaq. Işin maraqlı tərəfi odur ki, ağaclar qırılsa da YAP-ın lövhəsinə hələ də əl vurulmur. Ərazidə işləyən fəhlələr deyirlər ki, qarşıdakı günlərdə hasara alınmamış ərazidəki ağacları da qıracaqlar. Tapşırığın “yuxarı”dan gəldiyini söyləyən işçilərin sözlərinə görə, bunun üçün onlara kimlərsə mane olmayacaq.
Fəhlələrin dediklərində həqiqət var. Adətən, yaşıllıq məhv ediləndə ərazi hasara alınmaqla yanaşı, giriş-çıxış da məhdudlaşdırılır. Ancaq sözügedən ərazidə elə deyil. Qapılar taybatay açıq, giriş-çıxış isə tam sərbəstdir. Bir növ “Azinko” məhv etdiyi yaşıllıqları əhaliyə nümayiş etdirir.

Nazir əyalətlərdən danışır

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, demək olar, hər il verdiyi hesabatda yaşıllaşmanın geniş vüsət aldığını söyləyir və konkret rəqəmlər göstərir. Ağacların qırılmasından söz düşəndə isə vurğunu daha çox əyalətlərin üstünə qoyur. Ancaq Bakıda hamının gözü qarşısında qırılıb məhv edilən ağaclarla bağlı nazir də susmağa üstünlük verir. Halbuki, bu ağaclar barədə dəfələrlə mətbuatda yazılıb, fotolar dərc olunub. Maraqlıdır, heç bir ciddi səbəb göstərilmədən, yalnız kiminsə biznes maraqlarını təmin etmək üçün paytaxtda yaşıllıqların qırılması barədə rəsmilərdən kimsə danışmır. Amma hansısa rayonda vətəndaşın (bilərəkdən, ya bilməyərəkdən) ağacı kəsməsi ekoloji fəlakət kimi qiymətləndirilir.


Ramin DEKO
[ Ardını oxu ]

Əliyev idarəçiliyinin çərlətdiyi qadınların acı hekayəsi

Bir-birlərini tanımayan şikayətçilər sonda necə dost oldular...


Onlar üç nəfərdilər. Nə qohumdurlar, nə də qonşu. Sadəcə bir-birlərindən xəbərsiz bütün idarələri gəzirlər. Hara gəldi şikayət edirlər. Hansı məmurun “səxavət”li olduğunu eşidən kimi onun qəbuluna düşməyə çalışırlar. Istəyirlər ki, dərdlərinə əlac tapılsın. Ancaq nə edirlərsə, xeyri olmur. O qədər ora-bura üz tutublar ki, indi qohum-qonşudan da yaxın olublar. Söhbət illərdir Bakını ələk-vələk edən Gülnarə Hüseynova, Gülçöhrə Abdullayeva və Dursun Məmmədova adlı şikayətçilərdən gedir.

1066 manat ziyana 173 manat təzminat

Başlayaq Gülnarə Hüseynovadan. O, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Cəmşid Naxçıvani küçəsi, bina 37, mənzil 5 ünvanında yaşayır. 1966-cı ildən sözügedən ünvanda qeydiyyatdadır. Indi onun evini əlindən almaq istəyirlər. Necə?
Belə ki, Gülnarə xalanın yaşadığı binanın 4-cü mənzilində Eyvazovlar ailəsi yaşayır. Bu ailə həmin binanın 4-cü mərtəbəsində yaşlı bir qadının evini bir neçə il əvvəl ələ keçirib. “Sən evi bizim adımıza keçir. Ömrünün sonuna qədər sənə və həyat yoldaşına qulluq edəcəyik. Öləndə də hər ikinizin yasını verəcəyik” deyiblər. Qadın da xəstə və gözləri yaxşı görmədiyindən verilən sənədə imza atıb. Bir müddətdən sonra qadın dünyasını dəyişib. Yas təbii ki, olmur. Evin tək qalan kişisi də bir neçə gündən sonra yoxa çıxır. Və indiyə qədər harada olduğu haqda məlumat yoxdur. Ev isə Eyvazovlar ailəsinə qalıb. Evlərini daha da genişləndirmək üçün mənzilləri ilə üzbəüz olan evi də qonşudan satın alıblar. Bir neçə ay keçəndən sonra bütün mənzilləri birləşdirmək üçün Gülnarə Hüseynovanın evini ələ keçirmək istəyiblər. Başlayıblar müxtəlif yollarla ona təzyiq etməyə. Gah evinin qarşısındakı bağı çirkaba bulaşdırırlar, gah eyvanın önünü bağlayırlar.
Gülnarə xalanın deməsinə görə, evini ələ keçirmək üçün onu öldürmək də istəyiblər. Planlarını həyata keçirməzdən öncə qonşular arasında onun da mülkünü Eyvazovlara vəsiyyət etdiyini şayiə kimi yayıblar. Və sonra plana keçiblər. Gülnarə xala deyir ki, bəxti gətirdiyindən bu plan baş tutmur. O, evinə girən şəxsləri görəndə qonşuları köməyə çağırır və ölümdən qurtulur.
Onun sözlərinə görə, bu barədə bir çox yerlərə şikayət edir: “Bir çox adamların mənim evimdə gözü var. 26 saylı MIS-in rəhbəri, sahə müvəkkili, icra hakimiyyətinin bir neçə məsul işçisi mənzilimin Eyvazovlara qismət olmasını istəyirlər. Hara şikayət edirəmsə, oraya müraciət edib deyirlər ki, guya mən dəliyəm. Halbuki Bakı Dövlət Universitetində anatomiya-fiziologiya fakültəsində dərs demişəm”.
“Eyvazovlar eyvanlarını artırıblar. Mənim həyətə, bağıma baxmağa imkan yoxdur. Məcbur qalıb mən də eyvanımı böyütmək qərarına gəldim. Bunun üçün aidiyyəti qurumlara müraciət edəndə 5 min manat istədilər. Kasıb adamam, bu qədər pul hardandır? Evimi yenicə təmir etmişdim. Üst mərtəbədə ələ keçirdikləri evin suyunu açıb bütün işləri zibillədilər. Məhkəməyə müraciət etdim. Gəlib mənə dəyən ziyanı hesabladılar. Məlum oldu ki, mənzilimi həminki qaydaya salmaq üçün 1066 manat lazımdır. Məhkəmə isə 173 manat təzminat ödənilməsi barədə qərar çıxardı. Ancaq o pul da mənə verilmədi” - deyir, Gülnarə xala.
O, bu il mayın 26-da metronun “Nizami” stansiyası qarşısındaÿZivər bəy Əhmədbəyovunÿadına olan parkın açılışında iştirak edən Ilham Əliyevə şikayətini demək istəyəndə mühafizə xidməti onu ərazidən uzaqlaşdırıb, sonra da polis bölməsinə aparıblar. Bildirblər ki, bir də Ilham Əliyevlə görüşməyə cəhd etsə, bu cəhdi ona baha başa gələcək.

Jurnalist 9 min manat pul tələb edir

Keçək ikinci şikayətçiyə. 75 yaşlı Gülçöhrə Abdullayeva Yasamal rayonu, Qədirli küçəsi 82 ünvanında atasından qalma mənzilində yaşayır. Ümumi sahəsi 418 kvadrat metr olan həyətin bir hissəsi özəlləşdirilib. Necə?
Belə ki, həyətindən 920 dollara Xumara Baqiryaniyə 9 kvadrat metr satıb. O, 9-u 29 edib. Bunu görən Gülçöhrə xala məhkəməyə müraciət edib. Min bir əziyyətdən sonra X.Baqiryanidən satdığını ala bilib. Aldığı 920 dolları 1000 manat qarşılığında qaytarıb. Ancaq Xumar Baqiryani icra hakimiyyətində saxta sənəd düzəltməklə 11 və 22 kvadrat metrlik ərazini zəbt edib. Hazırda həmin yerdə iki gecəqondu tikib, tələbələrə kirayəyə verib.
Gülçöhrə xala 11 kvadrat metri Rahib adlı jurnalistə satıb. Xumar Baqiryani jurnalisti evindən çıxardıb və deyib ki, bu ev mənimdir. Indi də jurnalist Gülçöhrə Abdullayevanın yaxasından yapışıb verdiyi 1000 manatın qarşılığında 9000 manat tələb edir. Fikrini isə belə izah edir: “Aldığım evimi tələbələrə kirayəyə verib 9 min qazanacaqdım. Bunun günahkarı sənsən, verdiyim pulun qarşılığını ödəməlisən”. Gəliri yalnız təqaüd olan Gülçöhrə xala jurnalistin dediyi məbləği ödəyə bilmir. Ümidini evi məhkəmə yolu ilə Xumar Baqiryanidən alıb jurnalistə verməyə dikib.
Müsahibimizin problemləri bununla bitmir. O, Ələkbər Mirzəyev adlı şəxsə 22 kvadrat metr satıb. O 22-ni 100-lə əvəzləyib özünə beş otaqlı ev tikib. Bu iş də məhkəmədədir. Onun da borc-xərclə pulunu toplayıb Ələkbərə vermək istəyir. Ta ki, evindən çıxara bilsin.
Sən demə, Ələkbər Mirzəyevin yoldaşı Tahirə Şaxıyeva 11 kvadratı özəlləşdirib. Bu qədər qarışıqlığın içərisində özünü itirən Gülçöhrə Abdullayeva 75 yaşında gününü məhkəmələrdə keçirir...

“Haqsızlığa dözə bilmirəm”

Üçüncü şikayətçi isə Nizami rayonu, Qara Qarayev 93 ünvanlı binanın yaxınlığında kafe işlədən Dursun Məmmədovadır. Onun övladları Qarabağ müharibəsində iştirak edib və əlildirlər. Sahibi olduğu kafedə məcburi köçkünlər işləyir.
Indi kafenin qarşısında başqa bir dükan “peyda” olub. Və həmin obyekt Məmmədovanın kafesinin giriş-çıxışına mane olur.
Onun sözlərinə görə, icra başçısı Tahir Budaqovun əliylə Tahirə Həsənova özünə obyekt tikdirib. Halbuki bir neçə ay öncə onun dükanı 93 saylı binanın həyətində idi. Bu haqsızlığı durdurmaq üçün o, aidiyyəti qurumlara şikayət məktubu ünvanlayıb. Qanunsuz dükanı sökdürə bilməsə də, işləməsinə də imkan verməyib: “Tahirə Həsənova hər vəchlə çalışır ki, dükanını işlətsin. Məhkəməyə müraciət etmişəm. Hakim Imran Burcayevdir. Onun işə baxması məni qane etmir. Istəyirəm iş başqa hakimə həvalə edilsin. Onun bu məsələdə maddi marağı var. Sahibi olduğum kafedə iki-üç nəfər işlədirəm. Ailələrinə bir parça çörək aparırlar”.
Dursun xala öz haqqını tələb etdiyi üçün Tahirənin qardaşı oğlu Ramin adlı şəxsin təhqirlərinə dözməli olur: “Dəfələrlə gəlib məni hədələyib. Deyir ki, səni öldürəcəm. Yumruqla, təpiklə məni vurub. Bir neçə dəfə üstümə bıçaq çıxardıb. Işıq xətlərini kəsib. Işləməyimə mane olur”. “Etiraz edəndə məhkəmə icraçısı Taleh Kərimov məni dəli adıyla həbs etmək istədi. Dəfələrlə Ilham Əliyevin korteji altına özümü atmaq istəmişəm. Bu cür haqsızlığa dözə bilmirəm. Problemimi həll etmək üçün məndən rüşvət istəyirlər. Tahirə dükan açanda kafemin qabağında olan bütün ağacları kəsdilər. Məhkəmədən adam gəlib baxış keçirdilər. Onlar da bildirdilər ki, ən pis halda onun dükanı mənim kafemdən 10 metr aralıda olmalıdır. Ancaq bu qanunsuz tikiliyə hər kəs göz yumur”.

***

Hər üç şikayətçini dərd, problem birləşdirib, rəfiqə edib. Bir-birlərini tanımayan bu adamları Əliyev idarəçiliyi birləşdirib. Dostlaşdırıb. Dost tapmağın çətin olduğu bir zamanda məmurlar onları bir araya gətirib...
Onların müraciət etdiyi dövlət qurumları da bir-birləri ilə çox yaxındırlar... O qədər yaxın ki, bir-birlərindən keçib problemləri həll edə bilmirlər...


Ramin DEKO
[ Ardını oxu ]