DekoPress

Ramin Dekonun rəsmi bloqu

Rövnəq Abdullayevin "Xəzər boru" əməliyyatı

Neft Şirkətinin mühafizəçisi: «Çıxmasanız sizi sürüyəcəyəm. Heç kim də mənə heç nə deməz, arxamda duran var»

Ziya Məmmədovu danlatdıran oğlan "Azadlıq"a danışdı

Nəqliyyat şefinin obyektində işləyib dörd barmağını itirən, sonra onun adamları tərəfindən oğurlanan fəhlənin başına daha nələr gəlib?

320 milyonluq Zaqatalayla 130 milyonluq Vanın ZƏLZƏLƏSİ

Zaqatalada olanda evlərin tikintisinin ləng getdiyinin şahidi olduq. Evi yararsız olan Aşağı Tala kənd sakini Şahin Həsənov deyir ki, FHN-dən evinə iki dəfə komissiya gəlib: “Birinci dəfə “təmir edilməlidir”, ikinci baxışda “bərpa-gücləndirmə” dedilər.

YAP-ın əkdiyi ağacları qırdılar

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənovun rəhbəri olduğu “Azinko” şirkəti adıçəkilən ünvanlarda 100-dən çox ailəni evindən didərgin saldı.

Əliyev idarəçiliyinin çərlətdiyi qadınların acı hekayəsi

Onlar üç nəfərdilər. Nə qohumdurlar, nə də qonşu. Sadəcə bir-birlərindən xəbərsiz bütün idarələri gəzirlər. Hara gəldi şikayət edirlər. Hansı məmurun “səxavət”li olduğunu eşidən kimi onun qəbuluna düşməyə çalışırlar.

Bütün yazılar

Oktyabrın 4-də gedib 30-da meyiti qayıdan əsgər Ruslan Kərimovun yaxınları «Azadlıq»a nələri danışdı?

«Ruslanın meyitini heç evinə gətirmək istəməyiblər, onların niyyət hospitaldan birbaşa kəndin qəbiristanlığında dəfn etmək olub»


Orduda ölənlərin sayı gündən-günə artır. Dünyasını dəyişənlərin də çoxu qeyri-döyüş şəraitində vəfat edənlərdir. Deməli, əsgərlər düşmənlə döyüşdə deyil, xəstəliklərdən həyata əlvida deyirlər. 2011-ci ilin bitməsinə hələ bir ay var. Qeyri-döyüş itkilərinin sayı artıq 90 nəfərdir.

Əsgər hospitalda olub, ancaq ailəsinin xəbəri yox idi

Gəncədəki hərbi hissələrdən birində dünyasını dəyişən Milli Ordunun əsgəri 18 yaşlı Ruslan Kərimovun ölüm xəbəri oktyabrın 30-da ailəsinə məlum oldu. Hərbi hissədən gələn nümayəndələr Ruslan Kərimovun valideynlərinə bildirib ki, əsgərin yüksək hərarəti olub. Ona hərbi hissədə tibbi yardım göstərilib. Daha sonra hospitala aparılan Ruslan Kərimov 2 saatdan sonra orada dünyasını dəyişib. Deyilənlərə görə, əsgər ürək və ağciyər çatışmazlığından vəfat edib.
Oktyabrın 4-də hərbi xidmətə yollanan Ruslan Kərimov cəmi 26 gün Milli Ordunun sıralarında qulluq edə bildi.
Ruslanın yaxınları onun xəstəlikdən ölməsinə inanmırlar. Mərhum əsgərin dayısı Saleh Bədəlov deyir ki, bacısı oğlunun ölüm xəbərini Göyçay Rayon Hərbi Komissarlığından alıblar: “Ölümündən bir neçə gün əvvəl, sən demə, Ruslan hospitalda olub. Ancaq bu barədə bizə məlumat verməyiblər. Onun xəstəliyi haqda bizdə heç bir məlumat olmayıb. Əsgərliyə getdiyi gündən bizimlə bir neçə dəfə danışıb. Heç bir probleminin olmadığını deyirdi. Qəfildən ölüm xəbərini aldıq”.
Kərimovlar ailəsi əslən Göyçayın Cırqurd kəndindəndirlər. Ailə işsizlik ucbatından Bakıya üz tutmalı olub. Ruslan hərbi xidmətə yollanandan sonra ata-ana çörəkpulu qazanmaq üçün iki uşaqla birgə paytaxtda məskunlaşıblar. Ancaq Ruslanın ölüm xəbəri bütün işləri alt-üst edib.
Saleh Bədəlov Ruslanın ölüm xəbərini aldığı günü belə təsvir edir: “Bizə məlumat veriləndə Ağdaşa getməyimiz məsləhət görüldü. Heç bir ünvan demədilər. Sadəcə dedilər ki, Ruslan Kərimovun meyiti Ağdaşdadır. Ağdaş kiçik yer deyil. Harada olduğu barədə isə heç nə söyləmədilər. Çarəsiz qalıb Ağdaşa getdik”.
Onlar Ağdaşa gedən zaman hospital maşınının rayona gəldiyini görüblər: “Biz də həmin maşının arxasınca qayıtdıq. Əmin idik ki, Ruslanın meyitini o maşında gətirirlər”.

Çəkilişə və meyitə baxmağa icazə verilmədi

Ruslan Kərimovu tezbazar dəfn etmək istəyirmişlər. Ancaq ailəsi inad edib. Mərhumu evdə yuyub, meyitə baxdıqdan sonra son mənzilə yola salmaq niyyətini Gəncədən gələn hərbi qulluqçulara deyiblər. Onlar inad ediblər ki, dəfn tezbazar olmalıdır.
Rayon sakinlərinin dediyinə görə, Ruslanın meyitini heç evinə gətirmək belə, istəməyiblər. Onların niyyəti mərhumu hospitaldan birbaşa kəndin qəbiristanlığına aparıb dəfn etmək olub. Ailənin səs-küyündən sonra bu plandan geri çəkilməli olublar.
Mərhum əsgərin ailəsi qısa zamanda telekanalları evinə dəvət edir ki, bunu lentə alsınlar. Zabitlər buna da mane olmağa çalışırlar. Ancaq kənd camaatının müdaxiləsindən sonra bu problem də yoluna qoyulur. Saleh Bədəlov deyir ki, mərhumun dəfni günü 7 telekanal gəlmişdi: “Dayanmadan çəkiliş aparırdılar. Ancaq son anda o çəkilişlərin heç biri efirə getmədi. Yalnız “Xəzər” telekanalı kiçik bir xəbər yayımladı. ANS başda olmaqla hamısı Müdafiə Nazirliyinin məlumatını yaydı. Yas mərasimindən isə səssiz bir-iki görüntü verdilər. Deməli, telekanallara barmaq uzadıblar ki, həqiqəti açıb göstərməsinlər. Həmin vaxt ailə jurnalistlərə açıqlamalar verdi. Heç biri efirə getmədi”.
Ruslan Kərimovun ailəsi yas mərasimindən sonra mərhumun qulluq etdiyi hərbi hissəyə gedib. Məqsədləri həqiqəti üzə çıxarmaq olub. Onlar 26 günün əsgərinin qəflətən ölümünü bilmək istəyiblər. Hərbi hissədən onlara deyilib ki, hadisə onlarlıq deyil, məsələnin araşdırılması üçün əsgərin yatdığı hospitala getsinlər: “Bizə dedilər ki, Ruslan qızdırma ilə hospitala yerləşdirilib. Bundan başqa, onlar bizə hər hansı məlumat verə bilməyəcəklərini söylədilər. Çarəsiz qalıb Gəncə hospitalına getdik. Hospitalda suallarımızı cavablandıran kimsə olmadı. Həkim bizimlə görüşdən imtina etdi. Heç nə anlaya bilmirik. Biz hərbi xidmətə sap-sağlam əsgər göndərmişik, 26 gündən sonra onun meyitini geri alırıq. Bu müddət ərzində uşağın heç nədən şikayəti olmayıb”.

Bircə istək...

Ruslanın valideynləri övladlarının ölüm səbəbini öyrənmək üçün Ilham Əliyevə, Mehriban Əliyevaya, Respublika Prokurorluğuna müraciət ediblər. Ancaq bu müraciətlərə heç bir cavab yoxdur.
Ailənin bircə istəyi var – Ruslan Kərimovun ölüm səbəbini bilmək və günahkarları tapıb cəzalandırmaq.
Saleh Bədəlov bacısı oğlunun xəstəlikdən vəfat etməsinə inanmadığını dilə gətirir: “Çünki onun heç bir xəstəliyi yox idi. Yox əgər kimlərsə iddia edirlərsə Ruslanın ağ ciyərində problem var idi, onda niyə Göyçay rayon Hərbi Komissarlığı onu ordu sıralarına göndərirdi? Hərbi xidmətə yararsız olan uşağa niyə müsbət cavab verirdilər? Hərbi komissarlıq bu işə görə məsuliyyət daşıyır”.
“Ruslanın meyitində hər-hansı xəsarət izi vardımı” sualına Saleh Bədəlov “diqqətlə baxmadıq. Meyiti yarmışdılar və belə bir vaxtda hər hansı izin olub-olmadığını aşkarlaya bilmədik” cavabını verir.
Respublika Hərbi Prokurorluğu qeyd olunan ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi qaldırıldığını açıqlayıb: “Müvafiq ekspertizalar təyin edilib. Hazırda başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.

***

Evin böyük oğlu Ruslan Kərimov cəmi 26 gün hərbi formanı əynində gəzdirə bildi. 27-ci gün isə...
Ruslanın kiçik qardaşı da var. O da sabah-birigün hərbi xidmətə getməlidir. Ancaq gedəcəkmi? Ailəsi bu faciəni yaşayandan sonra ikinci dəfə ssenarinin təkrarlanmasına razı olacaqmı?..

Ramin DEKO,

Bakı-Göyçay-Bakı
[ Ardını oxu ]

ARDNŞ şefinin zəbt etdirdiyi zavoddan reportaj

Neft Şirkətinin mühafizəçisi: «Çıxmasanız sizi sürüyəcəyəm. Heç kim də mənə heç nə deməz, arxamda duran var»

“Indi harada işləyək? Gəlib buranı zəbt ediblər. Bizi içəri buraxmırlar. Fəhlə adamıq, işləyib evə çörək pulu aparırdıq” - bunu “Xəzər boru” MMC-də işləyən fəhlələr deyir. Indi nəinki fəhlələr, heç “Xəzər boru”nun direktoru belə, öz idarəsinə daxil ola bilmir. Çünki...

ARDNŞ nə vaxtdan nəzarətçi rolunu oynayır?

Sentyabrın 17-də təxminən saat 22 radələrində Qaradağda yerləşən “Xəzər boru”ya silahlı basqın olub. Basqını ARDNŞ-nin qoluzorluları həyata keçirib. Zavodun giriş qapısını 3-4 hərbi geyimli və idmançı görkəmli şəxslər kəsdirib. Geyimlərinin üzərinə “SOCAR” sözü yazılmış bu şəxslər onlara “yuxarıdan” tapşırıq gəldiyi üçün heç kimi içəri buraxmadıqlarınıı söyləyirlər.
Zavodun baş direktoru Ayaz Gülümcanovun sözlərinə görə, “Xəzər boru”nun səhmlərinin 42.8 faizi Zülfüqarlı qardaşlarının, qalan hissəsi “Azəriqaz”ın sabiq rəhbəri Əlixan Məlikovundur: “Ancaq iki gündür ki, Dövlət Neft Şirkətinin hərbi geyimli əməkdaşları zavodu zəbt ediblər, məni içəri buraxmırlar. Eyni zamanda fəhlələr də zavoda keçə bilmir”. O, hadisənin səbəbindən danışarkən Əlixan Məlikovu da günahlandırdı: “Çox güman ki, onun özünün də göstərişi olub. Neft şirkətindən kömək istəyib. Kömək istəyəndə Daxili Işlər Nazirliyindən istəyərlər. Neft Şirkəti nə vaxtdan nəzarətçi rolunu oynayır?”.
Hadisənin necə baş verməsindən danışan mühafizə xidmətinin rəhbəri Valeh Eminov deyir ki, zavodu tərk edəndən az sonra mühafizəçilər ona zəng edib: “Zəng edib dedilər ki, zavoda formalı adamlar daxil olub, bizi burada sıxışdırırlar”.
Valeh Eminov və digər mühafizəçi Elvin Şahverdiyev zavodu zəbt edənlərin 10 nəfərə yaxın olduğunu, yalnız birində silah gördüklərini söyləyirlər.

Zülfüqarlı qardaşlarına sonuncu zərbəni də vurmaq istəyirlər

“Xəzər boru”nun mühafizəçiləri də zavodun yaxınlığında toplaşmışdılar. Ancaq ARDNŞ-nin əməkdaşları rəhbərlikləri ilə danışandan sonra zavodun qanuni mühafizəçilərinə dedilər ki, onlar ərazidə qala bilməzlər.
Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılov mətbuata açıqlamasında bu hərəkətin qanunsuz olduğunu söyləyib: “Zavodun mühafizəçiləri orada heç kimlə qarşıdurmaya getməyiblər. Bundan başqa, mümkün qarşıdurmanın qarşısını almaq üçün DIN-in, prokurorluğun və MTN-in əməkdaşlarından  istifadə edilməlidir. ARDNŞ nümayəndələrinin belə bir səlahiyyəti yoxdur ki, sahibkarın zavoduna silahla girib, orada qarşıdurmanın qarşısını alsınlar”.
Sözügedən zavod 3 il öncə tikilsə də, bir aydır fəaliyyət göstərir. 3 hektardan çox torpaq sahəsi olan zavodun həyətində hazırda yüzlərlə boru var. ARDNŞ-nin işçiləri ora gələndən sonra zavodun avadanlıqlarının oğurlandığı da iddia edilir.
Xatırladaq ki, Zülfüqarlı qardaşlarının “Bakı Poladtökmə” və “Bakı Elektroştamp” zavodları, bir sıra başqa müəssisələri, metal bazarında ciddi pay sahibləri olaraq Azərbaycanda böyük biznes şəbəkəsi vardı. Ancaq 2005-ci ildə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbs olunmasından sonra Zülfüqarlı qardaşlarına da qarşı müharabə elan edildi, onlar həbs olundu. Böyük sərvətin əhəmiyyətli hissəsi əllərindən alındıqdan sonra qardaşları azad etdilər. Işin görünən tərəfi odur ki, qardaşların əlində qalan sonuncu əmlakı da ələ keçirmək istəyirlər.

“Heç kəsi içəri buraxa bilmərik”

“Xəzər boru”nun mühafizəsində yalnız Zülfüqarlı qardaşlarının nümayəndələri canfəşanlıq edirlər. Əlixan Məlikovun adamları heç bir addım atmırlar. Bunun isə iki səbəbinin olduğunu söyləyirlər. Ya Əlixan Məlikov ARDNŞ şefindən xahiş edib ki, zavodu o, ələ keçirsin və bundan sonra 50 faizlik səhm paketi ilə şərikə işləsin, ya da “Azəriqaz”ın sabiq rəhbərinə geri çəkilmək göstərişi verilib. Hər iki variantı mümkün sayan baş direktor deyir ki, işi qanun çərçivəsində həll etmək istəyirlər.
Jurnalistlər “Xəzər boru”nun ərazisinə keçmək istəyəndə ARDNŞ-nin mühafizəçiləri buna imkan vermədi: “Icazə yoxdur. Bizə deyiblər ki, heç kəsi içəri buraxmayın”.
“Siz kimsiniz, haradan göstəriş verilib” sualına mühafizəçi özünəməxsus tərzdə “sizlik deyil” cavabını verdi. Eyni zamanda ərazini tərk etməyəcəyimiz təqdirdə bizi sürüyə-sürüyə çıxaracağını söylədi: “Çıxmasanız sizi sürüyəcəyəm. Heç kim də mənə heç nə deməz. Çünki arxamda duran var”. Qanunsuz bir iş görmədiyimizi dedik. Otağa girib kiminləsə əlaqə saxladı. Yalnız bundan sonra jurnalistlərin ərazinin müəyyən hissəsinə daxil olub çəkiliş aparmasına qismən şərait yaradıldı.
Hadisə yerinə Qaradağ RPI 10-cu polis bölməsinin rəis müavini və müstəntiqi də gəldi. Onlar zavodda çalışanlardan izahat alıb getdilər.

***

Günün sonunda məlum oldu ki, artıq ARDNŞ əməkdaşları zavodu tərk edib. “Xəzər boru”nu əvvəlki qaydada şirkətin mühafizəçiləri qoruyur.


Ramin DEKO
[ Ardını oxu ]