Bütün yazılar
Oktyabrın
4-də gedib 30-da meyiti qayıdan əsgər Ruslan Kərimovun yaxınları «Azadlıq»a nələri
danışdı?
«Ruslanın
meyitini heç evinə gətirmək istəməyiblər, onların niyyət hospitaldan birbaşa kəndin
qəbiristanlığında dəfn etmək olub»
Orduda
ölənlərin sayı gündən-günə artır. Dünyasını dəyişənlərin də çoxu qeyri-döyüş şəraitində
vəfat edənlərdir. Deməli, əsgərlər düşmənlə döyüşdə deyil, xəstəliklərdən həyata
əlvida deyirlər. 2011-ci ilin bitməsinə hələ bir ay var. Qeyri-döyüş itkilərinin
sayı artıq 90 nəfərdir.
Əsgər
hospitalda olub, ancaq ailəsinin xəbəri yox idi
Gəncədəki
hərbi hissələrdən birində dünyasını dəyişən Milli Ordunun əsgəri 18 yaşlı
Ruslan Kərimovun ölüm xəbəri oktyabrın 30-da ailəsinə məlum oldu. Hərbi hissədən
gələn nümayəndələr Ruslan Kərimovun valideynlərinə bildirib ki, əsgərin yüksək
hərarəti olub. Ona hərbi hissədə tibbi yardım göstərilib. Daha sonra hospitala
aparılan Ruslan Kərimov 2 saatdan sonra orada dünyasını dəyişib. Deyilənlərə
görə, əsgər ürək və ağciyər çatışmazlığından vəfat edib.
Oktyabrın
4-də hərbi xidmətə yollanan Ruslan Kərimov cəmi 26 gün Milli Ordunun sıralarında
qulluq edə bildi.
Ruslanın
yaxınları onun xəstəlikdən ölməsinə inanmırlar. Mərhum əsgərin dayısı Saleh Bədəlov
deyir ki, bacısı oğlunun ölüm xəbərini Göyçay Rayon Hərbi Komissarlığından alıblar:
“Ölümündən bir neçə gün əvvəl, sən demə, Ruslan hospitalda olub. Ancaq bu barədə
bizə məlumat verməyiblər. Onun xəstəliyi haqda bizdə heç bir məlumat olmayıb. Əsgərliyə
getdiyi gündən bizimlə bir neçə dəfə danışıb. Heç bir probleminin olmadığını
deyirdi. Qəfildən ölüm xəbərini aldıq”.
Kərimovlar
ailəsi əslən Göyçayın Cırqurd kəndindəndirlər. Ailə işsizlik ucbatından Bakıya
üz tutmalı olub. Ruslan hərbi xidmətə yollanandan sonra ata-ana çörəkpulu
qazanmaq üçün iki uşaqla birgə paytaxtda məskunlaşıblar. Ancaq Ruslanın ölüm xəbəri
bütün işləri alt-üst edib.
Saleh
Bədəlov Ruslanın ölüm xəbərini aldığı günü belə təsvir edir: “Bizə məlumat
veriləndə Ağdaşa getməyimiz məsləhət görüldü. Heç bir ünvan demədilər. Sadəcə
dedilər ki, Ruslan Kərimovun meyiti Ağdaşdadır. Ağdaş kiçik yer deyil. Harada
olduğu barədə isə heç nə söyləmədilər. Çarəsiz qalıb Ağdaşa getdik”.
Onlar
Ağdaşa gedən zaman hospital maşınının rayona gəldiyini görüblər: “Biz də həmin
maşının arxasınca qayıtdıq. Əmin idik ki, Ruslanın meyitini o maşında gətirirlər”.
Çəkilişə
və meyitə baxmağa icazə verilmədi
Ruslan
Kərimovu tezbazar dəfn etmək istəyirmişlər. Ancaq ailəsi inad edib. Mərhumu evdə
yuyub, meyitə baxdıqdan sonra son mənzilə yola salmaq niyyətini Gəncədən gələn
hərbi qulluqçulara deyiblər. Onlar inad ediblər ki, dəfn tezbazar olmalıdır.
Rayon
sakinlərinin dediyinə görə, Ruslanın meyitini heç evinə gətirmək belə, istəməyiblər.
Onların niyyəti mərhumu hospitaldan birbaşa kəndin qəbiristanlığına aparıb dəfn
etmək olub. Ailənin səs-küyündən sonra bu plandan geri çəkilməli olublar.
Mərhum
əsgərin ailəsi qısa zamanda telekanalları evinə dəvət edir ki, bunu lentə alsınlar.
Zabitlər buna da mane olmağa çalışırlar. Ancaq kənd camaatının müdaxiləsindən
sonra bu problem də yoluna qoyulur. Saleh Bədəlov deyir ki, mərhumun dəfni günü
7 telekanal gəlmişdi: “Dayanmadan çəkiliş aparırdılar. Ancaq son anda o çəkilişlərin
heç biri efirə getmədi. Yalnız “Xəzər” telekanalı kiçik bir xəbər yayımladı. ANS
başda olmaqla hamısı Müdafiə Nazirliyinin məlumatını yaydı. Yas mərasimindən isə
səssiz bir-iki görüntü verdilər. Deməli, telekanallara barmaq uzadıblar ki, həqiqəti
açıb göstərməsinlər. Həmin vaxt ailə jurnalistlərə açıqlamalar verdi. Heç biri
efirə getmədi”.
Ruslan
Kərimovun ailəsi yas mərasimindən sonra mərhumun qulluq etdiyi hərbi hissəyə
gedib. Məqsədləri həqiqəti üzə çıxarmaq olub. Onlar 26 günün əsgərinin qəflətən
ölümünü bilmək istəyiblər. Hərbi hissədən onlara deyilib ki, hadisə onlarlıq
deyil, məsələnin araşdırılması üçün əsgərin yatdığı hospitala getsinlər: “Bizə
dedilər ki, Ruslan qızdırma ilə hospitala yerləşdirilib. Bundan başqa, onlar
bizə hər hansı məlumat verə bilməyəcəklərini söylədilər. Çarəsiz qalıb Gəncə
hospitalına getdik. Hospitalda suallarımızı cavablandıran kimsə olmadı. Həkim
bizimlə görüşdən imtina etdi. Heç nə anlaya bilmirik. Biz hərbi xidmətə sap-sağlam
əsgər göndərmişik, 26 gündən sonra onun meyitini geri alırıq. Bu müddət ərzində
uşağın heç nədən şikayəti olmayıb”.
Bircə
istək...
Ruslanın
valideynləri övladlarının ölüm səbəbini öyrənmək üçün Ilham Əliyevə, Mehriban Əliyevaya,
Respublika Prokurorluğuna müraciət ediblər. Ancaq bu müraciətlərə heç bir cavab
yoxdur.
Ailənin
bircə istəyi var – Ruslan Kərimovun ölüm səbəbini bilmək və günahkarları tapıb
cəzalandırmaq.
Saleh
Bədəlov bacısı oğlunun xəstəlikdən vəfat etməsinə inanmadığını dilə gətirir:
“Çünki onun heç bir xəstəliyi yox idi. Yox əgər kimlərsə iddia edirlərsə Ruslanın
ağ ciyərində problem var idi, onda niyə Göyçay rayon Hərbi Komissarlığı onu
ordu sıralarına göndərirdi? Hərbi xidmətə yararsız olan uşağa niyə müsbət cavab
verirdilər? Hərbi komissarlıq bu işə görə məsuliyyət daşıyır”.
“Ruslanın
meyitində hər-hansı xəsarət izi vardımı” sualına Saleh Bədəlov “diqqətlə baxmadıq.
Meyiti yarmışdılar və belə bir vaxtda hər hansı izin olub-olmadığını aşkarlaya
bilmədik” cavabını verir.
Respublika
Hərbi Prokurorluğu qeyd olunan ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin
342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi qaldırıldığını açıqlayıb:
“Müvafiq ekspertizalar təyin edilib. Hazırda başlanmış cinayət işi üzrə
istintaq tədbirləri davam etdirilir”.
***
Evin
böyük oğlu Ruslan Kərimov cəmi 26 gün hərbi formanı əynində gəzdirə bildi.
27-ci gün isə...
Ruslanın
kiçik qardaşı da var. O da sabah-birigün hərbi xidmətə getməlidir. Ancaq gedəcəkmi?
Ailəsi bu faciəni yaşayandan sonra ikinci dəfə ssenarinin təkrarlanmasına razı
olacaqmı?..
Ramin
DEKO,
Bakı-Göyçay-Bakı
ARDNŞ şefinin zəbt etdirdiyi zavoddan reportaj
Neft Şirkətinin mühafizəçisi: «Çıxmasanız sizi sürüyəcəyəm.
Heç kim də mənə heç nə deməz, arxamda duran var»
“Indi harada işləyək? Gəlib buranı zəbt ediblər. Bizi içəri
buraxmırlar. Fəhlə adamıq, işləyib evə çörək pulu aparırdıq” - bunu “Xəzər
boru” MMC-də işləyən fəhlələr deyir. Indi nəinki fəhlələr, heç “Xəzər boru”nun
direktoru belə, öz idarəsinə daxil ola bilmir. Çünki...
ARDNŞ nə vaxtdan nəzarətçi rolunu oynayır?
Sentyabrın 17-də təxminən saat 22 radələrində Qaradağda
yerləşən “Xəzər boru”ya silahlı basqın olub. Basqını ARDNŞ-nin qoluzorluları
həyata keçirib. Zavodun giriş qapısını 3-4 hərbi geyimli və idmançı görkəmli
şəxslər kəsdirib. Geyimlərinin üzərinə “SOCAR” sözü yazılmış bu şəxslər onlara
“yuxarıdan” tapşırıq gəldiyi üçün heç kimi içəri buraxmadıqlarınıı söyləyirlər.
Zavodun baş direktoru Ayaz Gülümcanovun sözlərinə görə,
“Xəzər boru”nun səhmlərinin 42.8 faizi Zülfüqarlı qardaşlarının, qalan hissəsi
“Azəriqaz”ın sabiq rəhbəri Əlixan Məlikovundur: “Ancaq iki gündür ki, Dövlət
Neft Şirkətinin hərbi geyimli əməkdaşları zavodu zəbt ediblər, məni içəri
buraxmırlar. Eyni zamanda fəhlələr də zavoda keçə bilmir”. O, hadisənin
səbəbindən danışarkən Əlixan Məlikovu da günahlandırdı: “Çox güman ki, onun
özünün də göstərişi olub. Neft şirkətindən kömək istəyib. Kömək istəyəndə
Daxili Işlər Nazirliyindən istəyərlər. Neft Şirkəti nə vaxtdan nəzarətçi rolunu
oynayır?”.
Hadisənin necə baş verməsindən danışan mühafizə xidmətinin
rəhbəri Valeh Eminov deyir ki, zavodu tərk edəndən az sonra mühafizəçilər ona
zəng edib: “Zəng edib dedilər ki, zavoda formalı adamlar daxil olub, bizi
burada sıxışdırırlar”.
Valeh Eminov və digər mühafizəçi Elvin Şahverdiyev zavodu
zəbt edənlərin 10 nəfərə yaxın olduğunu, yalnız birində silah gördüklərini
söyləyirlər.
Zülfüqarlı qardaşlarına sonuncu zərbəni də vurmaq istəyirlər
“Xəzər boru”nun mühafizəçiləri də zavodun yaxınlığında
toplaşmışdılar. Ancaq ARDNŞ-nin əməkdaşları rəhbərlikləri ilə danışandan sonra
zavodun qanuni mühafizəçilərinə dedilər ki, onlar ərazidə qala bilməzlər.
Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılov mətbuata
açıqlamasında bu hərəkətin qanunsuz olduğunu söyləyib: “Zavodun mühafizəçiləri
orada heç kimlə qarşıdurmaya getməyiblər. Bundan başqa, mümkün qarşıdurmanın
qarşısını almaq üçün DIN-in, prokurorluğun və MTN-in əməkdaşlarından istifadə edilməlidir. ARDNŞ nümayəndələrinin
belə bir səlahiyyəti yoxdur ki, sahibkarın zavoduna silahla girib, orada
qarşıdurmanın qarşısını alsınlar”.
Sözügedən zavod 3 il öncə tikilsə də, bir aydır fəaliyyət
göstərir. 3 hektardan çox torpaq sahəsi olan zavodun həyətində hazırda yüzlərlə
boru var. ARDNŞ-nin işçiləri ora gələndən sonra zavodun avadanlıqlarının
oğurlandığı da iddia edilir.
Xatırladaq ki, Zülfüqarlı qardaşlarının “Bakı Poladtökmə” və
“Bakı Elektroştamp” zavodları, bir sıra başqa müəssisələri, metal bazarında
ciddi pay sahibləri olaraq Azərbaycanda böyük biznes şəbəkəsi vardı. Ancaq
2005-ci ildə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbs olunmasından
sonra Zülfüqarlı qardaşlarına da qarşı müharabə elan edildi, onlar həbs olundu.
Böyük sərvətin əhəmiyyətli hissəsi əllərindən alındıqdan sonra qardaşları azad
etdilər. Işin görünən tərəfi odur ki, qardaşların əlində qalan sonuncu əmlakı
da ələ keçirmək istəyirlər.
“Heç kəsi içəri buraxa bilmərik”
“Xəzər boru”nun mühafizəsində yalnız Zülfüqarlı
qardaşlarının nümayəndələri canfəşanlıq edirlər. Əlixan Məlikovun adamları heç
bir addım atmırlar. Bunun isə iki səbəbinin olduğunu söyləyirlər. Ya Əlixan
Məlikov ARDNŞ şefindən xahiş edib ki, zavodu o, ələ keçirsin və bundan sonra 50
faizlik səhm paketi ilə şərikə işləsin, ya da “Azəriqaz”ın sabiq rəhbərinə geri
çəkilmək göstərişi verilib. Hər iki variantı mümkün sayan baş direktor deyir
ki, işi qanun çərçivəsində həll etmək istəyirlər.
Jurnalistlər “Xəzər boru”nun ərazisinə keçmək istəyəndə
ARDNŞ-nin mühafizəçiləri buna imkan vermədi: “Icazə yoxdur. Bizə deyiblər ki,
heç kəsi içəri buraxmayın”.
“Siz kimsiniz, haradan göstəriş verilib” sualına mühafizəçi
özünəməxsus tərzdə “sizlik deyil” cavabını verdi. Eyni zamanda ərazini tərk
etməyəcəyimiz təqdirdə bizi sürüyə-sürüyə çıxaracağını söylədi: “Çıxmasanız
sizi sürüyəcəyəm. Heç kim də mənə heç nə deməz. Çünki arxamda duran var”.
Qanunsuz bir iş görmədiyimizi dedik. Otağa girib kiminləsə əlaqə saxladı.
Yalnız bundan sonra jurnalistlərin ərazinin müəyyən hissəsinə daxil olub
çəkiliş aparmasına qismən şərait yaradıldı.
Hadisə yerinə Qaradağ RPI 10-cu polis bölməsinin rəis
müavini və müstəntiqi də gəldi. Onlar zavodda çalışanlardan izahat alıb
getdilər.
***
Günün sonunda məlum oldu ki, artıq ARDNŞ əməkdaşları zavodu
tərk edib. “Xəzər boru”nu əvvəlki qaydada şirkətin mühafizəçiləri qoruyur.
Ramin DEKO