Bütün yazılar
«Azinko»
Bayıl yamacını yaman günə qoydu
Neftçilər
prospektində 57, 59 və 61 saylı binalar yerlə-yeksan olundu. Belə ki, Əmlak
Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik
Həsənovun rəhbəri olduğu “Azinko” şirkəti adıçəkilən ünvanlarda 100-dən çox
ailəni evindən didərgin saldı. Kompensasiya vermək əvəzinə, onlara şirkətin
Keşlə qəsəbəsində tikdiyi evlərə köçməyi məsləhət gördü. Yəni vətəndaşlar ya
deyilən ünvana köçməlidir, ya da özlərinə gün ağlamalıdırlar.
Komitə sədrinin deputat qardaşı hər yanı məhv edir
Söküntü-tikinti
işlərini aparan “Azinko”nun səlahiyyətli nümayəndələri həmin ərazidə dövlət
obyekti tikəcəklərini deyirlər. Bildirirlər ki, sözügedən ünvanda
ticarət və əyləncə mərkəzi inşa olunacaq. Sakinlər isə dövlət əhəmiyyətli
obyektin tikilməsinə etiraz etmirlər, sadəcə haqlarını tələb edirlər. Yəni
bazar qiymətlərinə uyğun onlara kompensasiya verilməsini istəyirlər. Ancaq...
“Azinko” indi də ərazidə olan ağacları qırmağa başlayıb. Sürüşmə
zonası olduğundan neçə illərdir burda ağaclar əkilir. Ancaq şirkət qarşısına nə
keçirsə, məhv etməyə başlayıb.
Onu da qeyd edək ki, ağacları YAP əkib. Çəkilən zəhmətin
nümayiş etdirilməsi üçün həmin əraziyə partiya belə bir lövhə də vurub:
“Ağacları Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasının 10-cu ildönümü
münasibətilə Yeni Azərbaycan Partiyasının üzvləri əkmişdir”.
Şirkətə məxsus buldozerlər yaşıllığı məhv etməyə başlayıb.
Ilkin olaraq hasara alınmış ərazidəki ağaclar qırılır. Sonra isə növbə
ətrafdakı yaşıllıqlara çatacaq. Işin maraqlı tərəfi odur ki, ağaclar qırılsa da
YAP-ın lövhəsinə hələ də əl vurulmur. Ərazidə işləyən fəhlələr deyirlər ki,
qarşıdakı günlərdə hasara alınmamış ərazidəki ağacları da qıracaqlar.
Tapşırığın “yuxarı”dan gəldiyini söyləyən işçilərin sözlərinə görə, bunun üçün
onlara kimlərsə mane olmayacaq.
Fəhlələrin dediklərində həqiqət var. Adətən, yaşıllıq məhv
ediləndə ərazi hasara alınmaqla yanaşı, giriş-çıxış da məhdudlaşdırılır. Ancaq
sözügedən ərazidə elə deyil. Qapılar taybatay açıq, giriş-çıxış isə tam
sərbəstdir. Bir növ “Azinko” məhv etdiyi yaşıllıqları əhaliyə nümayiş etdirir.
Nazir əyalətlərdən danışır
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov,
demək olar, hər il verdiyi hesabatda yaşıllaşmanın geniş vüsət aldığını
söyləyir və konkret rəqəmlər göstərir. Ağacların qırılmasından söz düşəndə isə
vurğunu daha çox əyalətlərin üstünə qoyur. Ancaq Bakıda hamının gözü qarşısında
qırılıb məhv edilən ağaclarla bağlı nazir də susmağa üstünlük verir. Halbuki,
bu ağaclar barədə dəfələrlə mətbuatda yazılıb, fotolar dərc olunub. Maraqlıdır,
heç bir ciddi səbəb göstərilmədən, yalnız kiminsə biznes maraqlarını təmin
etmək üçün paytaxtda yaşıllıqların qırılması barədə rəsmilərdən kimsə danışmır.
Amma hansısa rayonda vətəndaşın (bilərəkdən, ya bilməyərəkdən) ağacı kəsməsi
ekoloji fəlakət kimi qiymətləndirilir.
Ramin DEKO