Bütün yazılar
«Azinko»
Bayıl yamacını yaman günə qoydu
Neftçilər
prospektində 57, 59 və 61 saylı binalar yerlə-yeksan olundu. Belə ki, Əmlak
Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik
Həsənovun rəhbəri olduğu “Azinko” şirkəti adıçəkilən ünvanlarda 100-dən çox
ailəni evindən didərgin saldı. Kompensasiya vermək əvəzinə, onlara şirkətin
Keşlə qəsəbəsində tikdiyi evlərə köçməyi məsləhət gördü. Yəni vətəndaşlar ya
deyilən ünvana köçməlidir, ya da özlərinə gün ağlamalıdırlar.
Komitə sədrinin deputat qardaşı hər yanı məhv edir
Söküntü-tikinti
işlərini aparan “Azinko”nun səlahiyyətli nümayəndələri həmin ərazidə dövlət
obyekti tikəcəklərini deyirlər. Bildirirlər ki, sözügedən ünvanda
ticarət və əyləncə mərkəzi inşa olunacaq. Sakinlər isə dövlət əhəmiyyətli
obyektin tikilməsinə etiraz etmirlər, sadəcə haqlarını tələb edirlər. Yəni
bazar qiymətlərinə uyğun onlara kompensasiya verilməsini istəyirlər. Ancaq...
“Azinko” indi də ərazidə olan ağacları qırmağa başlayıb. Sürüşmə
zonası olduğundan neçə illərdir burda ağaclar əkilir. Ancaq şirkət qarşısına nə
keçirsə, məhv etməyə başlayıb.
Onu da qeyd edək ki, ağacları YAP əkib. Çəkilən zəhmətin
nümayiş etdirilməsi üçün həmin əraziyə partiya belə bir lövhə də vurub:
“Ağacları Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasının 10-cu ildönümü
münasibətilə Yeni Azərbaycan Partiyasının üzvləri əkmişdir”.
Şirkətə məxsus buldozerlər yaşıllığı məhv etməyə başlayıb.
Ilkin olaraq hasara alınmış ərazidəki ağaclar qırılır. Sonra isə növbə
ətrafdakı yaşıllıqlara çatacaq. Işin maraqlı tərəfi odur ki, ağaclar qırılsa da
YAP-ın lövhəsinə hələ də əl vurulmur. Ərazidə işləyən fəhlələr deyirlər ki,
qarşıdakı günlərdə hasara alınmamış ərazidəki ağacları da qıracaqlar.
Tapşırığın “yuxarı”dan gəldiyini söyləyən işçilərin sözlərinə görə, bunun üçün
onlara kimlərsə mane olmayacaq.
Fəhlələrin dediklərində həqiqət var. Adətən, yaşıllıq məhv
ediləndə ərazi hasara alınmaqla yanaşı, giriş-çıxış da məhdudlaşdırılır. Ancaq
sözügedən ərazidə elə deyil. Qapılar taybatay açıq, giriş-çıxış isə tam
sərbəstdir. Bir növ “Azinko” məhv etdiyi yaşıllıqları əhaliyə nümayiş etdirir.
Nazir əyalətlərdən danışır
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov,
demək olar, hər il verdiyi hesabatda yaşıllaşmanın geniş vüsət aldığını
söyləyir və konkret rəqəmlər göstərir. Ağacların qırılmasından söz düşəndə isə
vurğunu daha çox əyalətlərin üstünə qoyur. Ancaq Bakıda hamının gözü qarşısında
qırılıb məhv edilən ağaclarla bağlı nazir də susmağa üstünlük verir. Halbuki,
bu ağaclar barədə dəfələrlə mətbuatda yazılıb, fotolar dərc olunub. Maraqlıdır,
heç bir ciddi səbəb göstərilmədən, yalnız kiminsə biznes maraqlarını təmin
etmək üçün paytaxtda yaşıllıqların qırılması barədə rəsmilərdən kimsə danışmır.
Amma hansısa rayonda vətəndaşın (bilərəkdən, ya bilməyərəkdən) ağacı kəsməsi
ekoloji fəlakət kimi qiymətləndirilir.
Ramin DEKO
Əliyev
idarəçiliyinin çərlətdiyi qadınların acı hekayəsi
Bir-birlərini
tanımayan şikayətçilər sonda necə dost oldular...
Onlar üç
nəfərdilər. Nə qohumdurlar, nə də qonşu. Sadəcə bir-birlərindən xəbərsiz
bütün idarələri gəzirlər. Hara gəldi şikayət edirlər. Hansı məmurun “səxavət”li
olduğunu eşidən kimi onun qəbuluna düşməyə çalışırlar. Istəyirlər ki,
dərdlərinə əlac tapılsın. Ancaq nə edirlərsə, xeyri olmur. O qədər ora-bura üz
tutublar ki, indi qohum-qonşudan da yaxın olublar. Söhbət illərdir Bakını
ələk-vələk edən Gülnarə Hüseynova, Gülçöhrə Abdullayeva və Dursun Məmmədova
adlı şikayətçilərdən gedir.
1066 manat ziyana 173 manat təzminat
Başlayaq Gülnarə Hüseynovadan. O, Nizami rayonu, 8-ci
kilometr qəsəbəsi, Cəmşid Naxçıvani küçəsi, bina 37, mənzil 5 ünvanında
yaşayır. 1966-cı ildən sözügedən ünvanda qeydiyyatdadır. Indi onun evini
əlindən almaq istəyirlər. Necə?
Belə ki, Gülnarə xalanın yaşadığı binanın 4-cü mənzilində
Eyvazovlar ailəsi yaşayır. Bu ailə həmin binanın 4-cü mərtəbəsində yaşlı bir
qadının evini bir neçə il əvvəl ələ keçirib. “Sən evi bizim adımıza keçir.
Ömrünün sonuna qədər sənə və həyat yoldaşına qulluq edəcəyik. Öləndə də hər
ikinizin yasını verəcəyik” deyiblər. Qadın da xəstə və gözləri yaxşı görmədiyindən
verilən sənədə imza atıb. Bir müddətdən sonra qadın dünyasını dəyişib. Yas
təbii ki, olmur. Evin tək qalan kişisi də bir neçə gündən sonra yoxa çıxır. Və
indiyə qədər harada olduğu haqda məlumat yoxdur. Ev isə Eyvazovlar ailəsinə
qalıb. Evlərini daha da genişləndirmək üçün mənzilləri ilə üzbəüz olan evi də
qonşudan satın alıblar. Bir neçə ay keçəndən sonra bütün mənzilləri
birləşdirmək üçün Gülnarə Hüseynovanın evini ələ keçirmək istəyiblər.
Başlayıblar müxtəlif yollarla ona təzyiq etməyə. Gah evinin qarşısındakı bağı
çirkaba bulaşdırırlar, gah eyvanın önünü bağlayırlar.
Gülnarə xalanın deməsinə görə, evini ələ keçirmək üçün onu
öldürmək də istəyiblər. Planlarını həyata keçirməzdən öncə qonşular arasında
onun da mülkünü Eyvazovlara vəsiyyət etdiyini şayiə kimi yayıblar. Və sonra
plana keçiblər. Gülnarə xala deyir ki, bəxti gətirdiyindən bu plan baş tutmur.
O, evinə girən şəxsləri görəndə qonşuları köməyə çağırır və ölümdən qurtulur.
Onun sözlərinə görə, bu barədə bir çox yerlərə şikayət edir:
“Bir çox adamların mənim evimdə gözü var. 26 saylı MIS-in rəhbəri, sahə
müvəkkili, icra hakimiyyətinin bir neçə məsul işçisi mənzilimin Eyvazovlara
qismət olmasını istəyirlər. Hara şikayət edirəmsə, oraya müraciət edib deyirlər
ki, guya mən dəliyəm. Halbuki Bakı Dövlət Universitetində anatomiya-fiziologiya
fakültəsində dərs demişəm”.
“Eyvazovlar eyvanlarını artırıblar. Mənim həyətə, bağıma
baxmağa imkan yoxdur. Məcbur qalıb mən də eyvanımı böyütmək qərarına gəldim.
Bunun üçün aidiyyəti qurumlara müraciət edəndə 5 min manat istədilər. Kasıb
adamam, bu qədər pul hardandır? Evimi yenicə təmir etmişdim. Üst mərtəbədə ələ
keçirdikləri evin suyunu açıb bütün işləri zibillədilər. Məhkəməyə müraciət
etdim. Gəlib mənə dəyən ziyanı hesabladılar. Məlum oldu ki, mənzilimi həminki
qaydaya salmaq üçün 1066 manat lazımdır. Məhkəmə isə 173 manat təzminat
ödənilməsi barədə qərar çıxardı. Ancaq o pul da mənə verilmədi” - deyir,
Gülnarə xala.
O, bu il mayın 26-da metronun “Nizami” stansiyası
qarşısındaÿZivər bəy Əhmədbəyovunÿadına olan parkın açılışında iştirak edən
Ilham Əliyevə şikayətini demək istəyəndə mühafizə xidməti onu ərazidən
uzaqlaşdırıb, sonra da polis bölməsinə aparıblar. Bildirblər ki, bir də Ilham
Əliyevlə görüşməyə cəhd etsə, bu cəhdi ona baha başa gələcək.
Jurnalist 9
min manat pul tələb edir
Keçək
ikinci şikayətçiyə. 75 yaşlı Gülçöhrə Abdullayeva Yasamal rayonu, Qədirli
küçəsi 82 ünvanında atasından qalma mənzilində yaşayır. Ümumi sahəsi 418
kvadrat metr olan həyətin bir hissəsi özəlləşdirilib. Necə?
Belə ki,
həyətindən 920 dollara Xumara Baqiryaniyə 9 kvadrat metr satıb. O, 9-u 29 edib.
Bunu görən Gülçöhrə xala məhkəməyə müraciət edib. Min bir əziyyətdən sonra
X.Baqiryanidən satdığını ala bilib. Aldığı 920 dolları 1000 manat qarşılığında
qaytarıb. Ancaq Xumar Baqiryani icra hakimiyyətində saxta sənəd düzəltməklə 11
və 22 kvadrat metrlik ərazini zəbt edib. Hazırda həmin yerdə iki gecəqondu
tikib, tələbələrə kirayəyə verib.
Gülçöhrə
xala 11 kvadrat metri Rahib adlı jurnalistə satıb. Xumar Baqiryani jurnalisti
evindən çıxardıb və deyib ki, bu ev mənimdir. Indi də jurnalist Gülçöhrə
Abdullayevanın yaxasından yapışıb verdiyi 1000 manatın qarşılığında 9000 manat
tələb edir. Fikrini isə belə izah edir: “Aldığım evimi tələbələrə kirayəyə
verib 9 min qazanacaqdım. Bunun günahkarı sənsən, verdiyim pulun qarşılığını
ödəməlisən”. Gəliri yalnız təqaüd olan Gülçöhrə xala jurnalistin dediyi məbləği
ödəyə bilmir. Ümidini evi məhkəmə yolu ilə Xumar Baqiryanidən alıb jurnalistə
verməyə dikib.
Müsahibimizin
problemləri bununla bitmir. O, Ələkbər Mirzəyev adlı şəxsə 22 kvadrat metr
satıb. O 22-ni 100-lə əvəzləyib özünə beş otaqlı ev tikib. Bu iş də
məhkəmədədir. Onun da borc-xərclə pulunu toplayıb Ələkbərə vermək istəyir. Ta
ki, evindən çıxara bilsin.
Sən demə,
Ələkbər Mirzəyevin yoldaşı Tahirə Şaxıyeva 11 kvadratı özəlləşdirib. Bu qədər
qarışıqlığın içərisində özünü itirən Gülçöhrə Abdullayeva 75 yaşında gününü
məhkəmələrdə keçirir...
“Haqsızlığa
dözə bilmirəm”
Üçüncü
şikayətçi isə Nizami rayonu, Qara Qarayev 93 ünvanlı binanın yaxınlığında kafe
işlədən Dursun Məmmədovadır. Onun övladları Qarabağ müharibəsində iştirak edib
və əlildirlər. Sahibi olduğu kafedə məcburi köçkünlər işləyir.
Indi
kafenin qarşısında başqa bir dükan “peyda” olub. Və həmin obyekt Məmmədovanın
kafesinin giriş-çıxışına mane olur.
Onun
sözlərinə görə, icra başçısı Tahir Budaqovun əliylə Tahirə Həsənova özünə
obyekt tikdirib. Halbuki bir neçə ay öncə onun dükanı 93 saylı binanın
həyətində idi. Bu haqsızlığı durdurmaq üçün o, aidiyyəti qurumlara şikayət məktubu
ünvanlayıb. Qanunsuz dükanı sökdürə bilməsə də, işləməsinə də imkan verməyib:
“Tahirə Həsənova hər vəchlə çalışır ki, dükanını işlətsin. Məhkəməyə müraciət
etmişəm. Hakim Imran Burcayevdir. Onun işə baxması məni qane etmir. Istəyirəm
iş başqa hakimə həvalə edilsin. Onun bu məsələdə maddi marağı var. Sahibi
olduğum kafedə iki-üç nəfər işlədirəm. Ailələrinə bir parça çörək aparırlar”.
Dursun xala
öz haqqını tələb etdiyi üçün Tahirənin qardaşı oğlu Ramin adlı şəxsin
təhqirlərinə dözməli olur: “Dəfələrlə gəlib məni hədələyib. Deyir ki, səni
öldürəcəm. Yumruqla, təpiklə məni vurub. Bir neçə dəfə üstümə bıçaq çıxardıb.
Işıq xətlərini kəsib. Işləməyimə mane olur”. “Etiraz edəndə məhkəmə icraçısı
Taleh Kərimov məni dəli adıyla həbs etmək istədi. Dəfələrlə Ilham Əliyevin
korteji altına özümü atmaq istəmişəm. Bu cür haqsızlığa dözə bilmirəm.
Problemimi həll etmək üçün məndən rüşvət istəyirlər. Tahirə dükan açanda
kafemin qabağında olan bütün ağacları kəsdilər. Məhkəmədən adam gəlib baxış
keçirdilər. Onlar da bildirdilər ki, ən pis halda onun dükanı mənim kafemdən 10
metr aralıda olmalıdır. Ancaq bu qanunsuz tikiliyə hər kəs göz yumur”.
***
Hər üç
şikayətçini dərd, problem birləşdirib, rəfiqə edib. Bir-birlərini tanımayan bu
adamları Əliyev idarəçiliyi birləşdirib. Dostlaşdırıb. Dost tapmağın çətin
olduğu bir zamanda məmurlar onları bir araya gətirib...
Onların
müraciət etdiyi dövlət qurumları da bir-birləri ilə çox yaxındırlar... O qədər
yaxın ki, bir-birlərindən keçib problemləri həll edə bilmirlər...
Ramin DEKO